Nə oldu, Əli Kərimli?
Son illərin ən uğursuz siyasi bloqerlərindən biri, həm də AXCP sədri olan Əli Kərimli hər dəfə nə isə demək və ya yazmaq istəyir, deyir, yazır, sonra isə sosial şəbəkələrdə lağlağı, ironiya obyektinə çevrilir.
Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı ölkə müxalifətində kəskin fərqli, bəzən diametral zidd mövqelər mövcuddur.
Müxalifət partiyalarının bir çoxu seçkilərdə Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan etdilər. Bəzi müxalif partiyalar seçkilərə namizədlə qatılmadılar.
Amma AXCP və Müsavat liderləri, yəni həm də sədr Əli Kərimli və başqan Arif Hacılı davranış variantları arasında ən qeyri-konstruktiv modeli seçərək boykota əl atdılar.
AXCP-Müsavat duetinin rəhbərliyinin bu qərarı elə müxalifət düşərgəsinin mənsubları tərəfindən sərt tənqid olundu, siyasi mübarizədən bilərəkdən geri çəkilmək kimi dəyərləndirildi, məğlubiyyətçilik sayıldı.
Haqlı iradlardır, amma Əli Kərimli və Arif Hacılını anlamaq olar: həddən ziyadə zəifləmiş, daha doğrusu, bu "lider"lərin "müdrik rəhbərliyi" və siyasi menecmentdən çox uzaq qərarları ilə bəyanatları nəticəsində siyasi dərnəklərə çevrilmiş AXCP ilə Müsavatın başqa yolu yoxdu. İstənilən seçkilər bu partiyaların real durumunu dəqiq nümayiş etdirə bilər: Əli Kərimli anlayır, Arif Hacılı dərk edir bu gerçəyi.
Amma Arif Hacılıdan fərqli olaraq, Əli Kərimli siyasi demaqogiyanı "fəaliyyət" janrı sayaraq ironiya hədəfi olmağa davam edir.
Əli Kərimli Facebook səhifəsində yazıb: "Qəfil seçkilərin ən geniş yayılmış lağlağısı MSK-nın öz sms-lərilə xalqı bezdirməsi oldu. Sosial şəbəkələr bu sms-lərlə bağlı zarafat, ironiya və lağlağılarla doludur. Rejim xalqa yalvar-yapış, xahiş edir ki, seçkiyə gəlin. Yəni xalqın öz istəyilə seçkiyə hazırlaşmadığını onlar da görür və bilir".
Bloqer və həm də AXCP sədrinin açıqlamasını olduğu kimi təqdim etməkdə məqsədimiz ölkənin daxili siyasətinin ən ucqar nöqtəsində özünü inzivaya çəkmiş adamın intellektual qabiliyyətini ortaya qoymaq deyil.
Əsla.
Sadəcə, Əli Kərimli çağdaş dünyadakı seçki texnologiyalarından və ələlxüsus da müxtəlif ölkələrdəki dövlət qurumlarının istifadə etdiyi metodologiyadan bixəbərdir.
Həmişə olduğu kimi.
Növbədənkənar prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasının seçicilərə SMS yollamasında qeyri-adi, ekstraordinar heç nə yoxdur.
Nə yazılıb o SMS-də?
"7 fevral 2024-cü il Prezident seçkiləri günüdür! Hamılıqla səs verək!"
Vəssəlam, tovariş Kərimli: özünüzə əl qatmayın, olmayan yumor hissinizi nümayiş etdirməyə çalışmayın.
Anlamadınızsa, bir də oxuyun, sonra yenə, yenə, ta anlayana, dərk edənədək oxuyun.
MSK-nın yolladığı SMS-lərdə vətəndaşlar bu və digər namizədi dəstəkləməyə, ona səs verməyə yox, seçkilərdə iştiraka səslənilir.
Burada qeyri-adi heç nə yoxdur və SMS-lərin göndərilməsini siyasi müflis hesab edilə biləcək Əli Kərimlinin boykot qərarı ilə heç bir məntiqi əlaqəsi yoxdur.
Anlayırıq, Əli Kərimli olduğundan çəkili, nüfuzlu, qüdrətli, ağıllı, iradəli və müdrik görünməyə çalışır. Bəlkə də adamda "Napoleon sindromu", yaxud siyasi natamamlıq kompleksi qövr etdiyindən belə yazıb, kim bilir.
Amma heç olmasa "köməkçilər" və ya "müavinlər" adlandırılan şəxslər bu bloqerə başa salsınlar ki, seçkiqabağı təbliğat-təşviqat dövründə seçiciləri fəallığa səsləyən SMS-lər dünyanın əksər ölkələrində göndərilir.
Qardaş Türkiyədən tutmuş, Qərb və Şərq ölkələrinin hamısında belə praktika var.
Qonşu Rusiyada hər seçki dövründə ölkənin ən böyük mobil şəbəkə operatorları "Vımpelkom", MTS, "Meqafona" və ya "SkayLink" mühtərilərinə eyni məzmunlu, seçkilərə çağırış mətnli SMS-lər yollayırlar.
Postsovet ölkələrinin istisnasız olaraq hamısında belədir.
Hətta Yeni Zelandiya və Avstraliyadan tutmuş, Venesuela və Meksikayadək ən müxtəlif dövlətlərdə seçkilərdə vətəndaşların elektoral aktivliyini artırmaq üçün informasiya-kommunikasiya texnologiyalarından və vasitələrindən maksimum səviyyədə istifadə olunur.
Amma nə olsun - Əli Kərimlinin eyninə deyil. Sürəkli siyasi ekstatik vəziyyətə qapılan bloqer daha sonra yazıb: "Nə oldu, bəs özündənrazı "çoxbilmişlər" deyirdi ki, seçkini boykot mümkün deyil? Bəs deyirdilər ki, müxalifətin qərarı, seçkiyə gedib-getməməsi heç nəyə təsir etməyəcək? Bəs iddia edirdilər ki, heç bir boykot qərarı seçki fəallığına təsir etməz?"
Əli Kərimli, and olsun Fuad Qəhrəmanlının inadına, Gültəkin Hacıyevanın plastik iradlarına və Cəmil Həsənlinin hikkəsinə - boykot qərarı heç nəyə təsir etməyib, edə də bilməzdi.
Sosial şəbəkələrdə, xüsusilə də Facebook-da və TikTok-da trollarının, hərəsi onlarla profil yaradıb "Yaşasın Əli bəy!" tipli mədhiyyə şərhləri yazan, komanda alanda da hədəf göstərilmiş adama yığnaqlaşıb hücuma keçən klaviatura şirləriin dəstəyi heç bir halda nə sosial baza, nə də elektoral kütlə demək deyil.
AXCP və Müsavatın erzas-kakaonu xatırladan boykot qərarı gerçəkdən də, heç bir real nəticə vermədi. Tam tərsinə, radikal müxalifət düşərgəsinin özündə çox sərt tənqid edildi.
İş o yerə çatıb ki, hətta ABŞ-da daldalanan və "siyasi xadim" olduğunu xəyal edərək hər gün YouTube kanalında saatlarla vaxt keçirən, son vaxtlaradək az qala AXCP sədrinin mətbuat katibinə çevrilmiş Sevinc Osmanqızı belə, Əli Kərimliyə lağ edir, onu ələ salır və ya efirə dəvət etdiyi müxtəlif personadlar vasitəsilə AXCP sədrinə şəbədə qoşdurur.
Nə oldu, Əli Kərimli - bəs deyirdin, ən məlumatlı, intellektual, geniş dəstəyə və potensiala malik siyasətçisiniz?
Heyhat, ey büt...
Elçin Alıoğlu TREND