Onlar kim olduqlarını göstərdilər: təəccüblənməyək…
Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilmiş məşum terror aktında həlak olanların sayı artıq 144 nəfərə çatıb. 97 yaralı hələ də xəstəxanalardadır.
Rusiya ilə yanaşı, dünyanın əksər ölkələrində bu qanlı hadisə qətiyyətlə pislənib, sifarişçilərin və birbaşa "ifaçı"ların sərt cəzalandırılması tələb olunub.
Azərbaycan məşum teraktdan sonra Rusiyanın hakimiyyət dairələrinə başsağlığı vermiş ilk dövlətlər arasında oldu.
Üstəlik, Prezident İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinə zəng edərək, terror aktını qətiyyətlə pislədiyini, teraktda həlak olanların ailələrinə başsağlığı verdiyini və ən başlıcası, Azərbaycanın terrorizmə qarşı mübarizədə qəti və birmənalı mövqe tutduğunu bildirdi.
Onillər boyu terrordan əziyyət çəkmiş ölkə olaraq teraktların bəlasını, nə demək olduğunu yaxşı bilirik.
Ölkəmizdə terror törədənlərin tam əksəriyyətinin arxasında isə Ermənistan dururdu.
Ermənilərin terrorda təcrübələri çox böyükdür.
Türkiyə diplomatlarına və siyasətçilərinə qarşı son əsrdə törədilən teraktları, hücumları və sui-qəsdləri bir anlıq kənara qoyaq: ermənilər onları dövlətlə təmin edən, Ermənistan adlı süni dövləti yaradan Moskvaya qarşı belə, daim düşmən mövqe tutublar.
Erməni terrorunun SSRİ dövründə həyata keçirdikləri ən böyük və dəhşətli hadisə 1977-ci il yanvar ayının 8-də Moskvada həyata keçirildi. Həmin dövrdə Moskvadakı terror aktı ilə bağlı SSRİ-də yayılan rəsmi məlumatlara görə, erməni terrorçular Akop Stepanyan, Zaven Baqdasaryan və Stepan Zatikyan tərəfindən Moskva metrosunun "İzmaylovskaya" və "Pervomayskaya" stansiyaları arasında, Bauman rayonundakı 15 saylı mağaza və oktyabr küçəsində 3 terror aktı həyata keçirilmişdir. Bu terror aktları nəticəsində 7 nəfər həlak olmuş, 37 nəfər isə yaralanmışdı.
Terror aktının təşkilatçsı Stepan Zatikyan 1966-ci ildə Yerevan Politexnik İnstitutunun tələbəsi olarkən rəssam Aykanuz Xaçaturyan və Şagen Artunyanla birgə "Erməni Milli Birlik Partiyası" yaratmışdılar. Tələbələrin yaratdığı bu qurumun əsas məqsədi Türkiyədən Ermənistan "torpaqlarının" geri alınması və müstəqil Ermənistan dövlətinin yaradılması idi. Bu qruplaşmanın gizli mətbəələri var idi və onlar "Paros" ("Fənər") qəzeti nəşr edirdilər.
Ermənistan hakimiyyət orqanlarının - Ermənistan SSR KP MK-nın I katibi Karen Dəmirçiyanın və Ermənistan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri Yüzbaşyanın terrorçuları açıq şəkildə himayə etdikləri faktı üzə çıxdı. Adı çəkilən hər iki şəxs terrorçular üzərində aparılan istintaqa mane olmağa cəhd etdi. Buna nail olmayanda isə Dəmirçiyan açıq şəkildə SSRİ xüsusi xidmət orqanlarından Ermənistan vətəndaşları üzərində özbaşınalığı dayandırmağı və onlardan ölkə ərazisini tərk etməyi tələb etdi.
Saxarov iddia edirdi ki, partlayış zamanı isə Zatikyan İrəvanda olub. 1979-cu ildə keçirilən məhkəmədə Zatikyan terrorçular tərəfindən irəli sürülən bütün iddiaları rədd etmişdir. Lakin buna baxmayaraq məhkəmə onun qətlinə fərman vermiş və o, 1979-cu il yanvarın 24-də güllələnmişdi.
1994-cü ilin iyul ayının 3-də isə Bakı metrosunda ikinci terror aktı olub.
Həmin gün saat 20:30-da metronun "28 May" stansiyasından "Gənclik" stansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış qatarın ikinci vaqonunda partlayış baş verib.
Partlayışdan sonra qatarda yanğın başlayıb. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər isə yaralanıb.
"28 May" və "Gənclik" stansiyaları arasında partlayışın təşkil edilməsi ilə əlaqədar Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs olunub. O, 1997-ci ilin 29 noyabr tarixində Azərbaycana ekstradisiya edilib. Azər Aslanov ifadəsində bildirib ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.
Ermənistanın xüsusi xidmət strukturlarının Azərbaycanda həyata keçirmək istədikləri terror aktlarının sayı isə çoxdur. Onların hər birinin qarşısı vaxtında alınmasaydı, erməni terrorizminin qurbanlarının sayı idəfələrlə artıq olardı.
Terror, əfsuslar olsun, Ermənistanda indi də ictimai və siyasi elitaların bir hissəsinin siyasi məfkurəsində "adi, zəruri proses" kimi yer alır.
Paradoks o həddə çatıb ki, Ermənistanda Qaregin Njde kimi nasist terrorçuya, yaxud Soqomon Teyleryan təki aşkar terrorçuya və sui-qəsdçiyə abidələr qoyulub, onların adları meydanlara, küçələrə, məktəblərə və s. verilib.
Erməni terrorizminin mənəvi-siyasi irsi Ermənistan isteblişmentində də atavizmə, davranış rudimentinə çevrilib.
Ermənistanın baş naziri Nikol Paşinyanın hələ də Vladimir Putinə zəng etməməsi, başçağlığı verməməsi ilk baxışdan anormal hadisə sayıla bilər.
Ermənistan XİN-nin Moskvadakı qanlı terakta rəsmi reaksiyasının gecikməsi kimi.
Fəqət, bunların heç biri təsadüfi deyil.
İrəvan bilərəkdən asta davranaraq Rusiya ilə münasibətlərdə mənfilikdən normallığa qayıtmaq niyyətində olmadığını göstərməklə yanaşı, postsovet məkanında Qərbin formalaşdırdığı anti-Rusiya düşərgəsinə doğru üz tutduğunu da "hami"lərinin nəzərinə çatdırır.
Sosial şəbəkələrin Ermənistan seqmentində teraktla bağlı sevinc, gülləbaranın "Crocus"da baş verməsindən məmnunluq ermənilərin Moskvadakı terroru razılıqla qarşılaqdıqlarını göstərir.
Ən geniş yayılmış şərh isə belədir: "Azərbaycanı bizdən çox istəyən Rusiyaya, Bakını dəstəkləyən Moskvaya bu da azdır! Yaxşı oldu..."
Təccüblü heç nə yoxdur.
Terrorizmi milli ideologiyada "qəhrəmanlıq" narrativinə çevirmiş ermənilər yenə də kim olduqlarını göstərdilər.
Elçin Alıoğlu meqale.com