Onun arzularındakı Azərbaycan

Tarixin tam obyektiv qiymətləndirilməsi ona görə mühümdür ki, bu, bəşəriyyətin daim can atdığı ideal həqiqətin təmin olunmasına kömək göstərir. Tarixi isə şəxsiyyətlərsiz təsəvvür etmək mümkün deyil. Məhz onlar vaxtın axarını müəyyənləşdirir, öz fəaliyyətləri ilə zamanın ayrı-ayrı epizodlarını vahid tarixi salnamənin ardıcıl səhifələri kimi bir araya gətirirlər.

Onun arzularındakı Azərbaycan
Tarixin tam obyektiv qiymətləndirilməsi ona görə mühümdür ki, bu, bəşəriyyətin daim can atdığı ideal həqiqətin təmin olunmasına kömək göstərir. Tarixi isə şəxsiyyətlərsiz təsəvvür etmək mümkün deyil. Məhz onlar vaxtın axarını müəyyənləşdirir, öz fəaliyyətləri ilə zamanın ayrı-ayrı epizodlarını vahid tarixi salnamənin ardıcıl səhifələri kimi bir araya gətirirlər.

Şəxsiyyətin xalqın, dövlətin tarixindəki yerinin və rolunun düzgün qiymətləndirilməsi isə strateji məqsədlərin əldə olunması baxımından çox mühümdür. Çünki yeni nailiyyətlər onların zamanında formalaşdırdıqları dəyər və prinsiplərə, inkişaf üçün yaratdıqları möhkəm bünövrəyə əsaslanır və şəxsiyyətlərin gələcəyə baxışı hədəflərə doğru yolda aydın istiqamət verir.

Xalqımızın ötən əsrdə yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Ümummilli Lider Heydər Əliyev də tarixi irsi hər zaman xatırlanmalı, öyrənilməli olan böyük strateqdir. Azərbaycanda müstəqil dövlətçilik anlayışının həqiqi ideoloji prinsiplərinin və konseptual əsaslarının müəyyənləşməsi məhz Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Azərbaycanda milli dövlətçiliyi bir ideoloji konsepsiya olaraq formalaşdırmış, bununla ölkəmizin müstəqilliyinin, davamlı inkişafının sarsılmaz əsaslarını təmin etmişdir.

Buna görə müasir tariximizin böyük siması, dövlətinin və xalqının yüksəliş yolunda böyük izlər qoymuş Heydər Əliyev qəlbində vətən sevgisi olan hər bir azərbaycanlı üçün dahi və unudulmaz şəxsiyyətdir. Vəfatının 20 -ci ildönümündə bir daha Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinə nəzər yetirməklə, xatirəsini böyük ehtiram hissi ilə yad edirik.

Ulu Öndərin təlqin etdiyi prinsiplər cəmiyyətimizdə yeni dəyərlər yaratdı

Hər bir xalqın öz istiqlalını bütün dünyaya bəyan etməsi və müstəqillik yollarında inamla irəliləməyi bacarması bir tərəfdən mövcud ənənə və təcrübələrə, digər tərəfdən isə bu yolun davam etdirilməsindən ötrü imkan və potensiala əsaslanır. Ulu Öndər Heydər Əliyevin böyüklüyü isə bundadır ki, o, həm Azərbaycanın milli dövlətçilik ənənəsi və təcrübəsini ötən əsrin ortalarında vahid bir ideya mənbəyi kimi aktuallaşdırmış, həmçinin bu böyük dövlət adamının sovet Azərbaycanına rəhbərliyi dövründə cəmiyyətimizdə baş verən irəliləyişlərin, milli şüurun oyanışının, ən əsası sosial-iqtisadi, mədəni inkişafın məntiqi nəticəsi kimi 90-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən ölkəmizin gələcəyi üçün müvafiq imkan və potensialı yarada bilmişdir.

Xalqın istiqlal haqlarına qovuşması və dünya xalqları sırasında öz layiqli yerini tutmağı bacarması təsadüfi proseslər kimi kortəbii şəkildə baş vermir. Bu, tarixin hansısa məqamlarında görülmüş işlərin, atılmış addımların, verilmiş qərarların məntiqi nəticəsidir. Eyni zamanda hər hansı bir xalqın öz müstəqilliyini elan etməsi də hər nə qədər əlamətdar hadisə olursa-olsun, keçilməsi lazım gələn böyük bir yolun olsa-olsa ilk addımıdır. Bu yolun ilk addımında qarşıya qoyulmuş böyük hədəflərə çatmaqdan ötrü daha böyük əzm, iradə, qətiyyət, yorulmadan irəliləmək lazım gəlir. Ümummilli Lider Heydər Əliyev öz varlığı, Azərbaycan sevgisi, gələcəyə baxışı ilə xalqımız üçün daim bu əzmin, iradənin, qətiyyətin mənbəyi olmuşdur.

Hələ 1969-cu ildə sovet Azərbaycanının rəhbəri seçilərkən bu vətənpərvər dövlət xadiminin qarşısında çox mühüm vəzifələr dururdu. Respublika həyatının əksər sahələrində tənəzzül hökm sürməkdə idi. Azərbaycan malik olduğu zəngin resurslara rəğmən bir çox göstəricilərinə görə keçmiş ittifaq respublikaları arasında ən sonunculardan sayılırdı. Ölkənin sosial-iqtisadi inkişafı üçün böyük layihələr yerinə yetirmək lazım gəlirdi. Amma bundan da çətini get-gedə cəmiyyəti sarmaqda olan mənəvi böhranı, gələcəyə inamsızlığı aradan qaldırmaq idi. Ümummilli Lider Heydər Əliyev qəlbindəki Vətən sevgisi ilə bütün bu çətinliklərin öhdəsindən gəldi. Azərbaycanda yeni və son dərəcə əhəmiyyətli bir strateji dövrün əsas müəllifi oldu. Ardıcıl səyləri nəticəsində qəbul və icra olunan inkişaf proqramları sayəsində Azərbaycan qısa müddətdə öncül respublikalardan birinə çevrildi. Heydər Əliyev Azərbaycanın inkişaf axarını da dəyişdi, ölkələrin, cəmiyyətlərin inkişafında müstəsna rol oynayan sənayeləşmə proseslərini gücləndirdi. Əgər ötən əsrin 60-cı illərinin sonlarına qədər Azərbaycan, daha çox aqrar respublika kimi tanınırdısa, cəmi bir neçə ildən sonra ölkəmiz sənaye respublikası statusu qazandı.

Ümummilli Lider o zaman da, sonralar da gördüyü, anidən müşahidə etdiyi hər bir kiçik imkana belə Azərbaycanın irəliləməsi üçün bir fürsət kimi yanaşırdı və özünəməxsus həssaslıqla, səbrlə, iradə ilə və bir o qədər də ardıcıllıqla bu fürsətləri reallaşdıraraq ölkənin addım-addım irəli getməsi üçün çalışırdı. Heydər Əliyevin ötən əsrin 70-ci illərində bütün ölkəboyu formalaşdırdığı geniş infrastruktur, yaratdığı zəngin potensial Azərbaycanın gələcək inkişafında çox böyük rol oynadı. Ulu Öndərin təlqin etdiyi prinsiplər cəmiyyətimizdə yeni dəyərlər yaratdı.

Bu müdrik dövlət xadimi cəmiyyət həyatına haqqı-ədaləti gətirdi, insanlarda vətəndaşlıq məsuliyyəti aşıladı, imkanların onlara can atan hər kəs üçün bərabərliyini təmin etdi. Heydər Əliyev təhsilin, maarifin bir xalqın həyatında nə qədər mühüm rol oynadığını aydın görür və düzgün dəyərləndirirdi. Burada qısa bir haşiyə çıxaraq qeyd edək ki, əslində xalqımızın XX əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik Cümhuriyyətini qurması da bir neçə on il əvvəl Azərbaycanda başlanmış maarifçiliyin, insanlar arasında təhsilin kütləviləşməsinin məntiqi nəticəsi, zamanında düşüncələrdə əkilmiş maarfçilik toxumlarının barı idi. Xalqımızın əsrin sonunda dövlət müstəqilliyini bərpa edə bilməsində də bu amil çox böyük rol oynadı. Heydər Əliyevin sayəsində yaradılmış təhsil müəssisələri, təhsilin hər kəs üçün əlçatanlığı məqsədilə atılan qətiyyətli addımlar, ali məktəblərin ən nüfuzlu ixtisaslarının savaddan başqa güvənc yeri olmayan zəhmətkeş övladlarının üzünə açılması, Azərbaycan gənclərinin keçmiş ittifaqın ən nüfüzlu ali məktəblərində təhsil almalarına yaradılmış şərait ölkəmizin gələcəyi üçün güclü bir nəsil yetişdirdi. Ulu Öndər cəmiyyətdə milli şüurun oyanışına təkan verən prosesləri aktuallaşdırdı, bu proseslərə o dövrün imkanları çərçivəsində istiqamət verdi. Xalqın milli inkişafının əsas simaları rolunda çıxış edən ziyalıları qorudu, onlara sahib çıxdı. Xalqımızın zəngin tarixinin, mədəniyyətinin, mənəvi qüdrətinin simvollarına çevrilmiş şəxsiyyətlərimizi dünyada tanıtdı, eyni zamanda təkcə tarixlə də məhdudlaşmadı, Azərbaycanın səsini, sözünü dünyaya yetirən, bizi xalq olaraq mənəvi zənginliyimizlə tanıdan yeni şəxsiyyətlər yetişdirdi. Bu mənada, Ümummilli Liderin sovet Azərbaycanına rəhbərliyi dövrü ölkəmizin həyatında hər cəhətdən - həm iqtisadi tərəqqi, həm siyasi yüksəliş, həm də mədəni intibah dövrü oldu.

Bütün bunların müəllifi olan, bu uğurlara imza atan Ulu Öndər Heydər Əliyev gördüyü işlərlə, milli təəssübkeşliyi ilə həm də Azərbaycanın gələcək dövlət müstəqilliyinin əsaslarının formalaşmasına yol açdı. Bu mənada respublikamızda sovet hakimiyyəti dövründə böyük strateq Heydər Əliyevin gərgin fəaliyyəti ilə yaradılmış güclü iqtisadi potensialın mövcudluğu, o cümlədən xalqımızın milli oyanışından irəli gələn müstəqil dövlətçilik ideyalarının güclənməsi ötən əsrin 80-ci illərinin sonlarında və 90-cı illərinin əvvəllərində Azərbaycanda müstəqillik uğrunda mübarizəni şərtləndirən və gücləndirən tarixi-siyasi faktorlar kimi özünü göstərməyə başlamışdı.

Bütün çətin zamanlarda xalqının yanında olar Lider

Heydər Əliyev zəmanəsinin ən böyük azərbaycanlısı, keçmiş SSRİ-nin qlobal prosesləri yönəltdiyi güclü vaxtlarında ittifaqın əsas rəhbərlərindən biri kimi xalqımızın və ümumilikdə türk dünyasının adını ucalara yüksəldən şəxsiyyət idi. Sadə bir ailədən çıxaraq öz zəhməti, əzmkarlığı hesabına dünyanın ən qüdrətli iki dövlətindən birinin ali rəhbərləri sırasına qədər yüksəlmiş bu şəxsiyyət milyonlarla insanın, xüsusilə gənclərin idealına çevrilmişdi.

Ümummilli Lider Kremldə çalışdığı illərdə də Azərbaycanın inkişafı üçün bütün imkanlardan istifadə etməyə çalışır, eyni zamanda ölkəmizə qarşı məkrli niyyətlərin qarşısını alırdı. O, Azərbaycana və ümumən türk dünyasına qarşı əsrlər boyu məkrli planlar hazırlayıb hərəkətə keçmək üçün hər an fürsət gözləyənlərin önündə sarsılmaz maneə idi. 1987-ci ildə bədxahları tərəfindən qərəzli şəkildə istefaya göndərildikdən cəmi iki həftə sonra ermənilərin Azərbaycana qarşı məkrli planlarını işə salmaları və bu zəmində xalqımızın başına gətirilən fəlakətlər, 20 Yanvar faciəsi, torpaqlarımızın işğalı, on minlərlə vətəndaşımızın həyatını itirməsi, bir milyona yaxın soydaşımızın doğma-yurd yuvasından didərgin düşməsi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqı üçün əslində kim olduğunu, xalq olaraq bizi illərlə hansı böyük təhdidlərdən qoruduğunu bir daha göstərir.

O ağır günlərdə də Heydər Əliyev yenə Azərbaycan xalqının ən böyük ümid yeri idi. Hər hansı vəzifə səlahiyyətlərinə malik olmasa belə, bu böyük şəxsiyyət öz nüfuzu, varlığı, milli problemlərə həssas münasibəti, ona qarşı bütün təzyiqlərə baxmayaraq göstədiyi həmrəyliklə, haqq səsini ucaltması ilə xalqımıza mənəvi güc verir, insanların istiqlal ümidlərini öləziməyə qoymurdu.

Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Müstəqilliyimizin ilk illərində ölkənin çətin sınaqlarla üzləşdiyi, vətəndaş müharibəsinin, parçalanma təhlükəsinin bir addımına qədər gəlib çıxdığı, ağır sosial-iqtisadi təlatümlər içində yönünü itirdiyi zamanlarda da Azərbaycan xalqı yenə də ən böyük xilaskar kimi məhz ona üz tutdu. Heydər Əliyevin zəngin təcrübəsinə, qətiyyətinə, dəmir iradəsinə, ən əsası isə dövlətimizə və xalqımıza olan sevgisinə bel bağladı. Ümummilli Lider çox çətin və mürəkkəb şəraitdə xalqın çağırışına biganə qalmayaraq Azərbaycanın taleyinə görə məsuliyyəti üzərinə götürdü. Hətta proseslərin ayrı-ayrı məqamlarında həyatını risk qarşısında qoysa belə, Azərbaycanı üzləşdiyi bəlalardan xilas etmək üçün bu yoldan çəkinmədi. "Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" kəlmələrinin onun üçün sadəcə söz olmadığını, Azərbaycan üçün böyük bir tarixi mərhələnin başlanğıcında müqəddəs dövlətçilik andı kimi dilə gətirildiyini əməlləri ilə sübuta yetirdi.

Fenomenal dövlətçilik zəkası, sarsılmaz iradəsi,böyük hədəflərə hesablanmış strateji qərarları ilə addım-addım qazanılmış irəliləyişlər hesabına müstəqil Azərbaycan dövləti tədricən böhrandan, ağır sınaqlar mühitindən, obrazlı desək, uçurumun kənarından uzaqlaşaraq rəvan inkişaf yoluna çıxa bildi. Heydər Əliyev Azərbaycanın demokratik-hüquqi dövlət kimi inkişafını təmin etdi. 1993-cü ildə "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir" deyərək hüququn aliliyinin təmin edilməsini, dünyəvilik prinsiplərinin qorunmasını, demokratiyanın bərqərar olması və inkişafınıəsas vəzifələr kimi irəli sürən Ulu Öndər bu vəzifələrin hər birini uğurla həyata keçirdi. Azərbaycanın sosial-iqtisadi tərəqqisi ilə demokratik islahatlar arasında paralelliyi təmin etdi, cəmiyyətimizdə ictimai sabitliyə və dayanıqlı inkişafa nail oldu.

Cəbhə bölgəsində atəşkəsin əldə edilməsi ilə Azərbaycan iqtisadiyyatının dirçəlişi, ordu quruculuğu, ölkəmizin beynəlxalq əlaqələrinin gücləndirilməsi, ermənilərin və havadarlarının ölkəmiz ətrafında yaratdıqları informasiya blokadasının aradan qaldırılması üçün zaman qazandı. Bu zamanın heç bir günü səmərəsiz keçmədi və hər anı ilə qarşıya qoyulmuş böyük məqsədlərə xidmət edi.

Heydər Əliyev müstəqillik yollarında ilk tərəddüdlü addımlarını atan Azərbaycanı tənəzzüldən inkişafa yetirdi. Respublikamızın beynəlxalq nüfuzunu yüksəldən, region və dünya üçünönəmini son dərəcə artıran neçə-neçə layihənin, o cümlədən enerji strategiyasının təməlini qoydu. Onun düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstəyitəmin etmədi, eyni zamanda iqtisadi əməkdaşlıq və investisiya imkanları formalaşdırdı. Ordu quruculuğu müvəffəqiyyətlə həyata keçirildi. Azərbaycanın müdafiə və təhlükəsizlik potensialı gücləndi.

Ölkədə hüquqi dövlətin qurulması üçün zəruri şərtlər kimi çıxış edən demokratik konstitusion rejim, müasir dövrün çağırışlarına uyğun hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyət bölgüsü kimi prinsiplər təmin edildi. İnsan hüquq və azadlıqlarına təminat yaradıldı, ölüm hökmü ləğv edildi, əfv və amnistiya institutları işlər hala gətirildi, vətəndaş cəmiyyəti formalaşdı, çoxpartiyalı sistemin mövcud olduğu ölkəmizdə siyasi baxışlar arasındakı ziddiyyətlərin diskussiya məcrasına yönəldiyi yeni bir siyasi mədəniyyət bərqərar oldu.

Prezident İlham Əliyev Ulu Öndərin arzularını reallığa çevirdi

Ümummilli Lider Heydər Əliyevin strateq kimi böyüklüyü həm də bundadır ki, bu böyük dövlət adamı müəyyənləşdirdiyi strateji inkişaf kursunun ondan sonra da davam etdirilməsini, qarşıya qoyulmuş milli məqsədlərin əldə olunmasını təmin etməyi bacardı. Heydər Əliyevin dövlətimizin gələcəyi ilə bağlı bütün arzularını reallığa çevirəcək, onun formalaşdırdığı möhkəm təməl üzərində tarixin ən qüdrətli Azərbaycanının müəllifinə çevriləcək Lideri - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi yetişdirərək cəmiyyətə təqdim etdi.

Cənab İlham Əliyev 2003-cü ilin 15 oktyabrında xalqın yekdil rəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilərkən dövlətimiz müstəqillik tarixinin kifayət qədər nailiyyətlərlə zəngin əhəmiyyətli bir mərhələsinə gəlib çatmışdı. Ümummilli Liderin Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində də təsvir edildiyi kimi, ilk növbədə dövlətçiliyimizin əsasını təşkil edən ictimai-siyasi sabitlik əldə olunmuş, milli birlik və qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin təməli qoyulmuşdu. Eyni zamanda, hər bir dövlətin, onun yaşamasının qayəsini təşkil edən ölkə iqtisadiyyatı yenidən qurularaq inkişaf yoluna çıxarılmışdı. Digər tərəfdən isə Azərbaycan xalqının istək və arzularının ifadəsi olan, özünün bütün müvafiq təsisatlarına malik güclü, demokratik dövlətimizin müstəqilliyinin dönməzliyi təmin edilmişdi.

Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etməyin mümkünlüyünü vurğulayaraq, bunun məhz belə də olacağına əminliyini ifadə edən Ulu Öndər 2003-cü ildə xalqımıza müraciətində də elə bu böyük əminliklə də qeyd edirdi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri Azərbaycan xalqının köməyi və dəstəyi ilə cənab İlham Əliyev başa çatdıra biləcək. "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" -deyə Heydər Əliyev bildirmişdir.

Ulu Öndərin bu müraciət bütün məzmunu ilə son dərəcə mükəmməl bir sənəd olaraq müstəqil dövlətimizin bu tarixə qədər keçib gəldiyi yola strateji baxış, əldə edilən nailiyyətlərlə gəlib çatdığı mərhələnin dəyərləndirilməsi və gələcəyə bələdçidir. Və bu gün dönüb ötən 20 illik tariximizə qısaca nəzər yetirəndə bir daha Heydər Əliyevin nə qədər müdrik, nə qədər böyük və uzaqgörən şəxsiyyət olduğunu görürük.

2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti kimi ölkənin, xalqın gələcəyinə görə məsuliyyəti üzərinə götürərkən bu yeni strateji dövrdə cənab İlham Əliyev qarşısında duran tarixi missiyanı dəqiq təsəvvür etməyə də bu sənəd böyük kömək göstərir. Cənab İlham Əliyev Ümummilli Liderin bütün ümidlərini doğrultdu, müdrik strateqin qeyd etdiyi istiqamətlərin hər biri üzrə tarixi nailiyyətlərə imza atdı. Heydər Əliyevin çox böyük əziyyətlər bahasına, hətta bəzən həyatını təhlükəyə ataraq yaratdığı ictimai-siyasi sabitlik mühitini qoruyub daha da möhkəmləndirdi. Ölkəmizin, cəmiyyətimizin davamlı inkişafına yol açan, təminat yaradan bu mühiti bütün təhdidlər qarşısında sarsılmaz etdi. Azərbaycan Prezidenti milli birliyə və qanunların aliliyinə əsaslanan vətəndaş cəmiyyətini inkişaf etdirdi, həyata keçirilən ardıcıl islahatlarla, zamanın çağırışlarına uyğun davamlı tədbirlərlə müasir inkişaf meyllərini cəmiyyətimizə gətirdi, ictimai həyatımızdakı neqativ təzahürləri aradan qaldırdı.

Cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi həyatında yeni bir səhifə açdı, qazanılan nailiyyətlərlə, təşəbbüskarı və iştirakçısı olduğumuz qlobal layihələrlə ölkəmiz regionun lider dövlətinə çevrildi. Azərbaycanın uğurla reallaşdırdığı enerji-kommunikasiya layihələri, qlobal kommunikasiyalar qovşağında çox mühüm mərkəzə çevrilməsi, bir tərəfdən mühüm sosial-iqtisadi faydalar gətirdi, digər tərəfdən isə ölkəmizin beynəlxalq nüfuzunu son dərəcə gücləndirdi, qlobal proseslərə təsir imkanlarımız artdı, beynəlxalq aləmdə dostlarımızın sırası genişləndi. Respublikamızın sosial-iqtisadi uğurları Azərbaycan vətəndaşlarının həyat standartlarını yüksəltdi, bir çox sosial problemlər uğurla həllini tapdı, şəhərlərimizin, kəndlərimizin siması yeniləndi, müasirləşdi.

Tarixin ən güclü Azərbaycanı

Cənab İlham Əliyev tarixin ən güclü Azərbaycanını qurdu, müstəqilliyimizin dayaqlarını daha da möhkəmləndirdi. Dövlətimizin sosial-iqtisadi potensialı sayəsindəAzərbaycan ordusunu dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırdı və Ordumuzun gücü ilə torpaqlarımızı düşməndən təmizləyərək müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.

Bu gün dövlət bayrağımızın Xankəndidə dalğalanması Ümummilli Lider Heydər Əliyevin gerçəkləşən arzularının təcəssümüdür. Azərbaycan dövlətinin azad Qarabağda, Şərqi Zəngəzurda həyata keçirdiyi irimiqyaslı bərpa-quruculuq tədbirləri, işğal dövründə dağıdılıb talan edilmiş, erməni vandalizminə meydan olmuş bu torpaqları yenidən inkişaf axarına qovuşdurması Ulu Öndərin quruculuq missiyasının davamıdır. Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursuna sadiqliklə Azərbaycanı böyük milli hədəflərinə yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əsrlərdən bəri bu regionun bəlasına çevrilmiş erməni layihəsini iflasa uğratmasının tarixi təsdiqidir.

Azərbaycan Prezidenti böyük güclərin bu torpaqlarda öz oyunlarını oynamaqdan ötrü reallaşdırdıqları məkrli projeni birdəfəlik aradan qaldırdı, tarixin qanlı bir səhifəsini qapatdı. Vətən müharibəsindəki qələbəmizlə regionda yeni reallıqlar yaratmış Azərbaycan bu gün bölgənin sülh və inkişaf məkanına çevrilməsi üçün üzərinə böyük bir tarixi missiya götürüb və bu missiya üzrə ardıcıl iş aparır. Geosiyasi maraqlarla regionumuzun düzənini pozmaqdan ötrü törədilən təxribatlar, Cənubi Qafqazda yeni qırğınlar, insan faciələri üçün cəhdlər müvəffəqiyyətlə dəf edilir, Azərbaycan dövləti cənab İlham Əliyevin qətiyyəti sayəsində bütün bu oyunları pozur. Müxtəlif cildlərə girən şər mərkəzlərinin iç üzünü açır, əsl xislətlərini ifşa edir. Belə mərkəzlərin, dünyanın böyük güclərinin bundan sonra planetimizin müxtəlif məkanlarında yeni insan faciələrinə bais olmalarına, qurulu ölkələri xaraba qoyub sömürmələrinə, xalqların müsibətlərindən sərvət qazanmalarına imkan verməmək üçün qlobal təşəbbüslərə rəhbərlik edir. Qoşulmama Hərəkatı, Türk Şurası kimi qurumlar çərçivəsində dünya miqyasında yeni bir düzən yaratmağa, insanın xoşbəxtliyinə xidmət edən yeni dəyərlər formalaşdırmağa çalışır.Ölkəmizdə mövcud olan multikulturalizm mühiti, fərqli mədəniyyətlərə hörmət ruhu, tolerantlıq ənənələri ilə bütün dünya üçün örnək yaradır, Şərq və Qərb sivilizasiyaları arasında təmas qurur.

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər, yerli və qlobal məkanda həyata keçirilən layihələr bu istiqamətdə həyata keçirilən siyasətə mühüm töhfələrdir. Dövlətimizin sosial-iqtisadi inkişaf proqramlarının uğurla icra edilərək öz məqsədinə çatmasında, cəmiyyətimizdə milli vəhdətin qorunmasında da Mehriban xanım Əliyevanın mühüm xidmətləri var.

Azərbaycanın qürur doğuran bütün nailyyətlərinin, xalqımızın bütün uğurlarının təməlində Prezident İlham Əliyevin qətiyyətli, müdrik və uzaqgörən siyasəti dayanır. Bunlar həm də belə bir reallığı təsdiq edir ki, Heydər Əliyev ideyaları real həyatımızda özünün bariz təcəssümünü tapır.

Bu gün dövlətimiz ən qabaqcıl təcrübələrdən,dünyanın mütərəqqi dəyərlərindən bəhrələnərək öz gələcəyinə doğru irəliləyir. Dünyanın, regionun və bizi əhatə edən xarici aləmin əsas strateji və qlobal məsələlərinin həllindəAzərbaycanın rəyi, mənafeləri, mövqeyi nəzərə alınır. Azərbaycanı qlobal miqyasda tanıyır, qəbul edir, əsas məsələlərdə ölkəmizlə hesablaşırlar. Bu, Ümummilli Lider Heydər Əliyevin qurub yaratdığı və onun ideyalarına sadiqliyin daha da qüdrətləndirdiyi dövlətdir. Bu, Ulu Öndərin arzularındakı Azərbaycandır.

Ziyafət Əsgərov