Paşinyan ağıllanır, ya yox?
Ermənistan yekun sülh sazişinin imzalanması prosesində "maraqlı" olduğunu bəyan etsə də, mümkün olan bütün əngəlləri yaratmağa çalışır. Paşinyan müsahibəsində məntiqli və danışıqlara meylli görünməyə çalışsa da, hələ situasiya normallıqdan çox uzaqdır.
"Ölkəmiz bir zamanlar rəsmi Bakının təklif etdiyi "3+3" (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya Federasiyası, Türkiyə, İran) formatında çalışmağa hazırdır. Hətta bu format çərçivəsində Tehranda görüş keçirməklə bağlı razılaşma da vardı. Bu formatda işləməyə hazırıq"
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin "Birinci Kanal"ına verdiyi müsahibəsində belə deyib.
Xatırladaq ki, "3+3" formatı Cənubi Qafqazın üç ölkəsi ilə bölgəsində əsas regional geosiyasi oyunçular olan Türkiyə, Rusiyavə İrandan ibarət olan, siyasi layihənin bütün iştirakçılarının əməkdaşlığı ilə tərəfdaşlığının yeni formalarını, habelə regionda yaranan problemlərin birgə həllini ehtiva edən təşəbbüsdür.
Azərbaycan Prezidenti İlham Əliyev Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə danışıqlardan sonra bəyan etmişdi ki, rəsmi Bakı İrəvan və Tbilisi ilə müvafiq danışıqlar aparmağa hazırdır - amma bunun üçün ermənilərin də fəal istəkləri olmalıdır.
"3+3" formatını Azərbaycan, Türkiyə, Rusiya və İran dəstəkləyiblər. Gürcüstan formata qoşula bilməyəcəyini bildirərək səbəb kimi ölkə ərazisinin bir hissəsinin (Cənubi Osetiya və Abxaziya) Rusiyanın işğalında olduğunu bəyan edib.
Ermənistan mövqe bildirməyib və tərəddüd etdiyini vurğulayıb.
Bununla yanaşı, 2021-ci ilin dekabrında Moskvada Gürcüstanın iştirakı olmadan "3+2" formatında XİN başçılarının görüşü keçirilmişdi.
Gürcüstan "3+3" formatına hələlik qoşulmaq niyyətində olmadığını bildirsə də, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin izalanmasına yönəlmiş danışıqlarda obyektiv, qərəzsiz vasitəçiliyə hazır olduğunu vurğulayır.
Nikol Paşinyansa yenə də "fikirləşir".
Onun müsahibəsində səsləndirdiyi fikirlərə və ifadələrinə diqqət yetirsək, rəsmi İrəvanın yeni oyunlara başlamaq, danışıqlar prosesinei uzatmaq niyyəti aşkar görünür.
"Türkiyə prezidentinin bəyanatında Ermənistanın vədindən söhbət gedir. Qeyd edək ki, Ermənistan Türkiyə və Azərbaycanın işlətdiyi terminologiya çərçivəsində heç kimə vədlər verməyib. Burada bir nüans var, bu terminologiyanı necə qəbul etməyimiz çox vacibdir, çünki Ermənistanda və bütövlükdə ictimaiyyət olaraq bunu Ermənistan üçün müəyyən ərazi tələbi və eksterritorial dəhliz kimi qəbul edirik", - Paşinyan müsahibəsində deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın vədi məsələsi haqda çıxışını şərh edərkən deyib.
"Deməli, biz heç kimə belə terminologiya və nəticə ilə heç bir vəd verməmişik. Ermənistan və Türkiyə nümayəndələri arasında danışıqlar gedəndə biz dedik ki, sizin işlətdiyiniz "dəhliz" terminologiyası bizim üçün qəbuledilməzdir. Cavab verdilər: necə yəni qəbuledilməzdir, siz üçtərəfli bəyanat qəbul etdiniz! Cavab verdik ki, üçtərəfli bəyanatda belə bir şey yoxdur, açın, baxın, göstərin. Ümumilikdə qlobal dünyada "dəhliz" sözü kommunikasiya marşrutları üçün ümumi termin kimi istifadə olunur. Üçtərəfli bəyanatda isə məntiq bir qədər fərqlidir, belə ki, Laçın dəhlizi var ki, orada bəyanatın məntiqinə görə, müəyyən məzmunda eksterritoriallıq və ya üçüncü qüvvənin nəzarəti var. Bundan əlavə, Laçın dəhlizi sadəcə yol deyil, o, üçüncü tərəfin nəzarətində olan 5 kilometrlik ərazi zolağıdır", - Paşinyan bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan regional kommunikasiyaların açılmasına hazır və bunda maraqlı olduğunu elan edir:
"Biz Azərbaycan və Türkiyə üçün yollar açmağa hazırıqmı? Bəli, biz hazırıq və qeyd edildiyi kimi, bu, Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında baş verməlidir. Bu o deməkdir ki, heç bir üçüncü qüvvə Ermənistan Respublikasının heç bir ərazisinə nəzarət etməməlidir.
Ermənistan sərhədini keçərkən Ermənistansy sərhəd və gömrük xidmətləri hərəkətə keçməlidir. Bizə deyirlər ki, üçtərəfli bəyanatda deyilir ki, təhlükəsizliyi Rusiya təmin etməlidir, amma mən deyirəm ki, belə bir şey yoxdur".
Paşinyan onu da vurğulayıb ki, dəmir yolunun Meğridən keçməsi heç bir etiraz doğurmur:
"Çünki başqa yerdə dəmir yolumuz yoxdur. İcevanda, Razdanda, Qazaxda dəmir yolu var, orada çox böyük problem var, Axartsin kəndində (Dilican yaxınlığı - red.) sürüşmə var, onu aradan qaldırmaq üçün ilkin hesablamalara görə, 500 milyon dollar lazımdır və böyük sual budur ki, aradan qaldırılacaq, ya yox? Amma Meğri dəmir yolunun bərpası ilə bağlı heç bir problemimiz yoxdur, əksinə, biz bunda maraqlıyıq, çünki bu, Ermənistanın blokadasının götürülməsi və ümumilikdə sülh deməkdir".
Paşinyanın sözlərinə görə, beynəlxalq ekspertlər həm avtomobil, həm də dəmir yolunun eyni yerdən keçməsini qeyri-real adlandırırlar, lakin bu, texniki məsələdir:
"Yolların açılması Ermənistan, Azərbaycan və Türkiyə üçün faydalıdır. Bəli, bu, regionda ciddi sülh qovşağına çevrilə bilər və biz deyirik ki, bu qeyri-müəyyənliklər aradan qaldırılarsa, burada da problem olmayacaq".
Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində yazılıb: "Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək". Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nin edəcəyi və hərəkətin maneəsiz (gömrük və vergi yoxlaması olmadan) olması ilə bağlı dəqiq və aydın izah var.
Bütün bunlara rəğmən, Nikol Paşinyan "3+3" formatına meylli deyil, çünki o, Azərbaycanla Ermənistan arasında aparılan danışıqların "beynəlmiləlləşməsi"ə, prosesə "vasitəçi" və "moderator" qismində Fransanın cəlb olunmasına, daha sonra isə Almaniya və ya Yunanıstanın da "formatda yer almalarına" can atır.
Ermənilərin fikrincə, danışıqlar Gürcüstanın vasitəçiliyi olmadan da davam edə bilər: onlar rəsmi Tbilisini vasitəçilik və ya moderatorluq üçün yetərli potensiala malik hesab etmirlər.
Bundan başqa, Nikol Paşinyan administrasiyasının fikrincə, Tbilisi vasitəçilik etsə belə, "Ermənistan öz qırmızı cizgilərini bəribaşdan bəyan etməlidir".
"3+3" formatının işə düşməsinə mane olan digər əsas problem isə Ermənistanla Rusiya arasındakı gərgin, sərin münasibətlərdir.
Nikol Paşinyanın anti-Rusiya ritorikasını nəzərə alsaq, Ermənistanın bu formata qayıdış ehtimalı azdır.
Buna rəsmi İrəvanın davranışları da dəlalət edir. Belə ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin MDB ölkələrinin Bişkəkdə keçiriləcək sammitində Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli formatda görüşünü təklif etmişdi.
Bakı təkliflə razılaşdı. İrəvan ilkin olaraq heç bir reaksiya vermədi, sonradan bəyan etdi ki, Bişkəkdə Ermənistanı XİN başçısı Ararat Mirzoyan yox, onun müavini təmsil edəcək.
Nikol Paşinyan isə sammitə yollanmayacağını, müzakirələrdə videokonfrans vasitəsilə iştirak edəcəyini bildirib.
Beləliklə, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəolmiş prosesdə Brüssel formatı ən real təsir bağışlayır.
Rəsmi Bakı da Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə oktyabrın sonunda Brüsseldə Ermənistanla danışıqların yeni mərhələsinə razılaşıb.
Buna rəğmən, sülh sazişinin imzalanması və Zəngəzur dəhlizi layihəsinin reallaşması istiqamətində Tbitlisi trekini də nəzərdən qaçırmamalıyıq. Çünki bütün digər mövcud vasitəçilərdən fərqli olaraq, Gürcüstanın bölgəmizlə bağlı geosiyasi ambisiyaları yoxdur.
Üstəlik, Tbilisi anlayır ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması bütün bölgədə uzunmüddətli sülhlə stabilliyin bərqərarına səbəb ola bilər.
Nikol Paşinyan qərar verməlidir. Son müsahibəsində o, "ağıllandığı"nı göstərməyə çalışıb.
Bunun belə olub-olmadığını yaxın günlərdə görəcəyik.
Elçin Alıoğlu TREND