“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib - YENİLƏNİB - VİDEO - FOTOlar

-------

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib - YENİLƏNİB - VİDEO - FOTOlar
-------

00:32

"Qarabağ" tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.

meqale.com xəbər verir ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu üstələyərək, bunu reallaşdırıb.

Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.

Birinci hissədə qapılara qol vurulmayıb. 57-ci dəqiqədə "Qarabağ" meydançada azlıqda qalıb. Müdafiəçi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Say üstünlüyündən istifadə edən qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. Rocer Fernandes yaxın məsafədən çərçivəni dəqiq nişan alıb. "Braqa" 83-cü dəqiqədə ikinci qolu vurub. Bu dəfə Alvaro Calo fərqlənib.

Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar. Ümumi hesab 4:4 olduğundan, əlavə 30 dəqiqə oynanılıb. 102-ci dəqiqədə Mateus Silva fərqlənərək, "Qarabağ"ı ümumi hesabda önə keçirib. Lakin 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə 3:1-ə çatdırıb.

Ancaq təslim olmayan Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.

Beləliklə, "Qarabağ" Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.

-------

00:27

Nəriman matçın 122-ci dəqiqəsində "Qarabağ"ın ikinci qolunu vurdu: 2-3.

-------

00:22

"Qarabağ" - "Braqa" matçında 5-ci qol vurulub.

-------

00:15

"Qarabağ" - "Braqa" matçında 4-cü qol vurulub.

-------

23:59

"Qarabağ"la Portuqaliyanın "Braqa" klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üçüncü qol vurulub.

meqale.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə meydan sahibləri fərqləniblər.

102-ci dəqiqədə Mateuş Silva vurduğu qolla hesabı 1:2 edib. Ümumi hesabda isə "Qarabağ" 5:4 önə keçib.

-------

23:46

"Qarabağ"la Portuqaliyanın "Braqa" klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda 90 dəqiqə başa çatıb.

meqale.com report-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada qonaq komanda əsas vaxtı 2:0 hesabı ilə öndə tamamlayıb.

İlk görüşdə "Qarabağ" 4:2 hesablı qələbə qazandığından, ümumi hesab bərabərləşib - 4:4. Bu səbəbdən oyunda 30 dəqiqəlik əlavə vaxt oynanılacaq.

-------

22:49

"Qarabağ"la Portuqaliyanın "Braqa" klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda fasilə başa çatıb.

meqale.com report-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə ikinci hissə başlayıb.

İlk yarıdan sonra hesab açılmayıb - 0:0.

-------

22:40

"Qarabağ"la Portuqaliyanın "Braqa" klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

meqale.com report-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə komandalar fasiləyə yollanıblar.

Birinci hissədən sonra hesab açılmayıb - 0:0.

-------

21:45

"Qarabağ" - "Braqa" matçı başladı.

-------

20:56 Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununu keçirəcək.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Ağdam klubu Avropa Liqasının pley-off mərhələsinin cavab matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Bakıda "Braqa"nı qəbul edəcək. Portuqaliyada 4:2 hesablı qələbə qazanan "Qarabağ" 1/8 finala adlamaq üçün üstünlüyünü qorumalıdır. Tarixi şansdan yararlanmağa çalışacaq ağdamlılar bunu bacarsa, avrokuboklarda 16 güclüsü sırasına düşən ilk Azərbaycan klubu olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkü sabah atılacaq. Pley-offun qalibi olan 8 komanda qrup mərhələsində 1-ci yeri tutanlarla qarşılaşacaq.