Qarabağ Universitetində 2024-cü ildə neçə tələbə təhsil alacaq? - Nazir açıqladı
Qarabağ Universitetində 2024-cü ildə 800-1000-dən artıq tələbənin təhsil almasını planlaşdırırıq.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinq zamanı deyib.
Nazir qeyd edib ki,Qarabağ Universitetində 30-40 nəfər akademik heyət yaşayacaq.
"İnfrastruktura tədris binaları, auditoriyalar, kitabxanalar, idman zalları və yataqxana daxildir. Müəllimlərin bir qismi yaxın ərazilərdə yaşayacaq. Tədrisin təşkili növbəli şəkildə olacaq. Qəbul prosesi ənənəvi şəkildə aparılacaq. Eyni zamanda, "Sabah" qruplarını da Qarabağ Universitetinə müraciət əsasında köçürməyi düşünürük. "Sabah" qruplarında oxuyan istedadlı gənclərin Qarabağ Universitetində oxuması yeni başlanğıc olacaq. Qarabağ Universitetinin digər universitetlərlə ikili təhsili təşkil ediləcək.
İlkin mərhələdə 4 fakültə olmasını planlaşdırırıq. Təhsil və pedaqoji ixtisas öncəliklidir. Universitetdə ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, qida mühəndisliyi, şəhərsalma, inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, kommunikasiya və rəqəmsal media, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə-marketinq, menecment, mühasibat, turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları tədris olunacaq",- deyə nazir bildirib.