Qarabağda antiterror əməliyyatı ölkəmizin şanlı tarixidir
Ötən ilin sentyabrında baş tutan lokal xarakterli anti-terror tədbirləri ölkəmizə böyük qələbə qazandırdı.
meqale.com bildirir ki, bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazisində qalan qeyri-qanuni silahlı birləşmələr məhv edildi və çox uğurlu bir hərbi əməliyyat keçirildi.
"Bunun nəticəsində Azərbaycan bütün ərazisində suverenliyini bərqərar elədi, konstitusion quruluş təmin olundu. Çünki 44 günlük Vətən müharibəsində Şanlı Ordumuz Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdi. Bir güllə atılmadan Ağdam, Laçın və Kəlbəcər azad olundu. Lakin buna baxmayaraq Ermənistan sülh ilə bağlı təkliflərdən boyun qaçıraraq əraziyə muzdlular, silahlılar, minalar, silah-sursat və texnika cəlb elədi və seperatizm cərəyanı yeni bir istiqamət aldı.
Lokal xarakterli anti-terror əməliyyatlarından sonra bölgədə olan ermənilər könüllü surətdə regionu tərk elədilər və Ermənistana üz tutdular. Çünki elə Ermənistan pasportunu daşıyırdılar. Azərbaycan reinteqrasiya ilə bağlı müxtəlif layihələr, planlar, təkliflər, tövsiyələr irəli sürsə də, bundan ermənilər boyun qaçırdı. Və bu seperatçıların rəhbərlərinin göstərişi ilə baş verdi. Bunun ardınca, Rusiya sülhməramlıları da ölkəni tərk etdilər. Bu da Rusiya və Azərbaycan arasında münasibətlərdə inamın, etimadın və reallığın bir təsbiti idi. Lokal xarakterli antiterror tədbirləri hər zaman ölkəmizin şanlı tarixində qalacaq", - o əlavə edib.
Hərbi ekspert Bahadur Kamil isə bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Ermənistan tərəfi məğlubiyyətə uğradı.
"Həmin ilin 10 noyabrında Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanat imzalandı. Lakin müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır. Ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi.
Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Ötən il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Buna cavab olaraq Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli anti-terror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Nəticədə Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydular, döyüş mövqelərindən və hərbi postlardan çıxdılar və tam şəkildə tərksilah olundular. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi", - deyə o qeyd edib. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun