Qarabağlı ermənilərlə bağlı çətin suallara cavablar

Xankəndindəki xunta könüllü şəkildə mövcudluğuna son qoyandan sonra Azərbaycanı tərk etmiş qarabağlı ermənlər geri qayıdıdacaqlarmı? Qayıdış olacaqsa, nə qədər qarabağlı erməni Azərbaycana dönəcək? Geri dönənlərin yaşamı necə olacaq?

Qarabağlı ermənilərlə bağlı çətin suallara cavablar
Xankəndindəki xunta könüllü şəkildə mövcudluğuna son qoyandan sonra Azərbaycanı tərk etmiş qarabağlı ermənlər geri qayıdıdacaqlarmı? Qayıdış olacaqsa, nə qədər qarabağlı erməni Azərbaycana dönəcək? Geri dönənlərin yaşamı necə olacaq?

Suallar çoxdur, yüzlərlədir və hər biri dəqiq cavab tələb edir.

Qarabağlı ermənilər və xüsusilə də onların qayıdışı ilə bağlı suallar arasında ən önəmlilərə cavab verməyə çalışaq.

1. Qarabağlı ermənilərin Azərbaycandan Ermənistana köçünü "etnik təmizləmə" adlandıranlar var. Səbəb nədir?

"Etnik təmizləmə" ("Ethnic Cleansing") beynəlxalq hüquqa görə, fərqli etnik mənsubiyyətə malik insanların müəyyən ərazilərdən zorən, məcburi qaydada, zorakılıq tətbiq edilməklə qovulmasıdır. Etnik təmizləmə müəyyən etnik qrupun kütləvi köçə vadar edilməsindən tutmuş, deportasiyaya məcbur edilmə və ya soyqırıma məruz qoymayadək ən müxtəlif formalarda olur.

"Etnik təmizləmə" ifadəsi çağdaş siyasətdə ilk dəfə 1941-ci ilin mayın 16-da Xorvatiyanın "Hrvatska Krajina" qəzetində, xorvat ustaşların komandiri Viktor Qutiçin frasiskanların Petriçevatsdakı monastırına səfərindən bəhs edən məqalədə istifadə olunub.

İfadənin kütləviləşməsi isə 1992-ci ildə artıq sabiq Yuqoslaviyanın ordusunun xorvatlara, slovenlərə, albanlara, bosnaklara və s.-lərə qarşı tətbiq etdiyi əməllərdən bəhs edilərkən baş verdi.

Dünya tarixində isə qədimlərdə babillər, assuriyalılar, finikiyalılar, hettlər, urlar və parfiyalılardan tutmuş, müsəlmanlara, xristianlara və yəhudilərədək ən müxtəlif etnik, dini mənsubiyyətli insanlar etnik təmizləmələrə məruz qalıblar.

Azərbayücan sakinləri olan, amma Ermənistanın pasportunu daşıyaraq istisnasız olaraq hamısı (!) Ermənistan vətəndaşları olan qarabağlı ermənilərin "etnik təmizləmələrə məruz qalmaları" ilə bağlı iddiaların heç bir əsası yoxdur.

Lokal antiterror tədbirləri başa çatandan sonra Xankəndindəki separatçı xuntanın siyasi evtanaziyası, yəni intiharı faktdır. Qarabağlı ermənilərin heç biri (!) indiyədək haradasa, hansısa formada "etnik təmizləməyə məruz qalma" barədə bəyanat verməyiblər. Belə bəyanat olsa belə, faktoloji əsası, dəlilləri və sübutları yoxdur.

Ermənistan hakimiyyəti və xüsusilə də erməni radikal müxalifəti, habelə erməni diaspor təşkilatlarının çoxsaylı açıqlamalarına rəğmən, "etnik təmizləmə" ilə bağlı heç bir fakt hələ də nümayiş etdirilməyib.

2. Qarabağlı ermənilər Azərbaycana qayıdacaqmı? Qayıdış olacaqsa, nə qədər erməni geri dönəcək?

Təbii ki, qarabağlı ermənilər Azərbaycana qayıda bilərlər. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, reinteqrasiya prosesinə qatılmaq istəyən, Azərbaycan vətəndaşlığını qəbul edən hər bir qarabağlı erməni geriyə qayıdaraq normal yaşama başlaya bilər. Belə ermənilərin hüquq və təhlükəsizləri bütünlüklə təmin ediləcək. Onların hüquqları, haqları və azadlıqları Azərbaycanın digər vətəndaşlarından heç nə ilə fərqlənməyəcək.

Bu, Azərbaycanın verdiyi təminatdır və ermənilər də əla bilirlər ki, Bakının sözləri ilə əməlləri arasında uyğunsuzluq olmur.

Azərbaycanı tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilər arasında geri dönmək niyyətində olanların sayı çox azdır. Bəhs olunan məsələ ilə bağlı rəsmi İrəvan, erməni diaspor təşkilatları, erməniləri dəstəkləyən ölkələr, siyasətçilər və dövlət başçıları çoxsaylı iddialar səsləndirirlər.

Səslənən iddialar həmişəki kimi dezinformasiya və propaqandadır.

Qarabağlı ermənilərin iki əsas problemi var: psixoloji və faktiki.

Psixoloji problem budur ki, onlar 31 il ərzində Azərbaycan ərazisində yaşayarkən qanunları pozduqlarını, Azərbaycana və azərbaycanlılara nifrəti rutin əməl saydıqlarını, bir çoxunun vətəndaşlarımıza qarşı cinayətlərdə bilavasitə və ya dolayı yolla iştirakını anlayırlar. Onlar hələ də erməni millətçiliyinin, dini və etnik əsasda dözülməzlik ideologiyasının, azərbaycanlılara və ümumiyyətlə, türklərə nifrətin aşılandığı təsəvvürlərin əsirləridir.

Onlar 31 il ərzində sidq-ürəkdən inandıqları "Artsax" mifologeminin başa çatdığınə qəbul etmirlər. Ən nəhayət, onlar nədənsə düşünürlər ki, geri dönsələr, mütləq qisasla üzləşəcəklər.

Ciddi psixoloji sapıntılardır və hərtərəfli psixoloji yardımlar olmadan dəf edilməsi mümkünsüz məsələlərdir.

Faktiki problemsə Ermənistana yollanmış qarabağlı ermənilərin tam əksəriyyətinin hazırkı yaşam məkanını daimi həyat lokasiyası qismində görməməsidir. Həmin ermənilər arasında keçirilmiş son iki anonim sorğunun nəticələrinə görə, respondentlərin 57 faizi yaşamlarını Ermənistanda yox, başqa ölkədə davam etdirmək istəyirlər.

Rəyi soruşulanların cəmi 21 faizi Ermənistanda qalmaq istədiklərini vurğulayıblar.

3. Qarabağlı ermənilərin Ermənistana kütləvi köçü gələcəkdə Azərbaycan üçün ciddi geosiyasi problemlərə səbəb ola bilərmi?

Bu ehtimalın reallaşma şansı çox azdır.

Xatırladaq ki, Şərqi Prussiya Rusiyanın Kalininqrad vilayəti olanadək həmin ərazidə təqribən 5 milyon etnik alman yaşayırdı. Hazırda Kalininqrad şəhərində və vilayətində etnik almanların sayı 100 nəfərdən artıq deyil.

Bu ssenari Azərbaycan üçün məqsəd deyil. Tam əksinə, rəsmi Bakı qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasında maraqlıdır. Qarabağlı ermənilərin Ermənistana yollanmış qismi təbii ki, hazırda Ermənistanın hakimiyyət dairələri və İrəvanı dəstəkləyən ölkələr, təşkilatlar, siyasətçilər üçün manipulyasiya mənbəyidir. Həmin ermənilərin Azərbaycana qayıdış məsələsi də Bakıya təzyiq göstərməyə çalışanların nəzərində siyasi dividendlər əldə etməyə imkan verir.

Belə təzyiqlər davam edərsə, rəsmi Bakı Ermənistanda müxtəlif illərdə etnik təmizləmə siyasətinə məruz qalmış soydaşlarımızın qayıdışı məsələsini beynəxalq miqyasda qaldıra bilər. Yəni qarabağlı ermənilərin Azərbaycana qayıdışının Qərbi Azərbaycandan olan soydaşlarımızın doğmu yurd yerlərinə qayıdışları ilə paralel reallaşdırılması tələb olunacaq.

4. Qarabağlı ermənilər əmlaklarına görə Bakıdan təzminat tələb edə bilərmi?

Xeyr, çünki onların daşınan və daşınmaz əmlakları zorakı mənimsəməyə, müsadirəyə və ya qəsbetməyə məruz qalmayıb. Əksinə, ermənilər əmlaklarını könüllü şəkildə qoyaraq gediblər.

Təzminat tələbi,ümumiyyətlə, sübutu və dəlillərlə isbatı ən mürəkkəb iddialar arasında yer alır. Qarabağlı ermənilərin əmlakı ilə bağlı rəsmi Bakıya qarşı təzminat iddialarını hüquqi bazislə müşayiət olunmaq şərtilə səsləndirmək və rəsmiləşdirmək Ermənistanla erməni diasporu üçün asan olmayacaq. Belə iddialar səslənərsə, Bakı reqress iddialarla çıxış edərək Azərbaycan ərazilərinin 20 faizinin 30 il erməni işğalında qaldığı müddətdə ölkənin təbii sərvətlərinə, florasına, faunasına, ekologiyasına vurulmuş ağır ziyanlara; ev-eşiklərindən didərgin salınmış yüz minlərlə məcburi köçkünlərimizin əmlaklarına; darmadağın edilmiş yaşayış məntəqələrimizə, ən nəhayət erməni işğalçılarınnı azərbaycanlılara qarşı tətbiq etdikləri urbisid və etnosidə görə təzminat tələb edə bilər.

Üstəlik, paralel olaraq Qərbi Azərbaycandakı ev-eşiklərini zorla, məcburi qaydada tərk etmək məccburiyyətində qalaraq qaçqın salınmış soydaşlarımızın əmlakları ilə bağlı, həmçinin onlara dəymiş mənəvi ziyana görə təzminat tələbləri də səsləndirilə bilər.

Bakının səsləndirə biləcəyi təzminatın ümumi həcmi Ermənistanın dövlət büdcəsinin bir neçə mislinə bərabər ola bilər.

... Göründüyü kimi, Ermənistanın, erməni diasporunun və Ermənistanı dəstəkləyən qüvvələrin Bakıya qarşı yönəlmiş bəyanatları, siyasətləri və qərarları cavabsız qalmayacaq.

Elçin Alıoğlu TREND