Qərbin “yaxşı” və “pis” jurnalistləri
"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Roma Konvensiyanın, eləcə "Avropa İnsan Hüquqları" Konvensiyasının əsas prinsiplərindən biri bərabərlik prinsipidir və şübhəsiz ki, sözügedən prinsip Azərbaycan da daxil olmaqla, insan hüquq və azadlıqlarına təminat verən bütün dövlətlərin konsitusiyasında yer alıb. Bu prinsip istər ABŞ-da, istərsə də Avropa İttifaqına üzv ölkələrdə hüquqi münasibətlərin əsasını təşkil edir və dolayısıyla söz, media, vicdan azadlığı, siyasi hüquqlar və digər bu kimi məsələlərin də yer aldığı, inzibati və cinayət mənsubiyyətinin tətbiqinə yol açan presidentlər yaşananda, bərabərlik prinsipi əsas götürülür. Amma Azərbaycana gəldikdə isə selektiv yanaşma tələb olunur. Bəzi Qərb institutlarının və təsisatlarının qənaətinə görə, Azərbaycanda, yaxud sözügedən qütbün hədəfində olan digər ölkələrdə əgər hər hansı bir şəxs media sektorunda faəliyyət göstərirsə, deməli onun qanunlara məhəl qoymamasına göz yumulmalıdır.
Konkret nümunələrə müraciət edək. Məsələn, Amerika Birləşmiş Ştatlarında vergidən yayınma ağır cinayət hesab olunur. Cinayətin miqyasından, oxşar hüquqazidd əməllərə görə cinayət tərkibinin olmasından və digər kritik amillərdən asılı olaraq, hətta ömürlük həbs cəzası da tətbiq oluna bilər. Cəsusluğa görə isə ABŞ-da ömürlük həbs və ya ölüm cəzası tətbiq olunur. Birləşmiş Ştatlarda xarici ölkələrin maraqlarını ifadə edən təsir agentlərini, ən yaxşı halda nə az, nə çox, düz 5 il həbs cəzası gözləyir. Təbii ki, ABŞ-da nümunə gətirdiyim vergidən yayınma, cəsusluq və təsir agentliyi ilə bağlı istintaq və məhkəmə araşdırmalarında, istintaqa və yaxud məsuliyyətə cəlb olunanların hansı peşənin mənsubu olduğuna diqqət yetirmirlər. Çünki çox yaxşı başa düşürlər ki, bu və ya digər şəxsin jurnalist, hüquqşünas, həkim, siyasətçi... olması onu cinayət məsuliyyətindən azad etmir. Vəziyyət Avropa İttifaqına üzv ölkələrdə də təxminən eynidir - qanunları pozmusansa, deməli, peşəndən, fəaliyyət istiqamətindən asılı olmayaraq, cavab verməlisən. Amma mövzunun məkanı Azərbaycan olanda, nədənsə Qərb institutlarının və təsisatlarının yanaşması birdən-birə 180 dərəcəlik bucaq altında dəyişir. Nə beynəlxalq sənədlərin, nə Azərbaycan Konstitusiyasının, nə "Media haqqında" Qanunun, nə də inzibati xətalar və cinayət məcəllələrinin fərqinə varmırlar. Qərb siyasi dairələrinin qənaətinə görə, əgər "onlardan", daha dəqiq desək, onların buyruq qulu deyilsənsə, müstəqil inkişaf yolu seçmisənsə, beynəlxalq öhdəliklərini, ana qunununu və digər hüquqi-normativ aktlarını bir kənara qoyub, insanlara, onların peşə fəaliyyətinə, hansı geosiyasi qütbə xidmət etdiyinə görə selektiv yanaşma tətbiq etməlisən. Yəni - nümunə üçün yazıram - İranın, Rusiyanın nüfuz müvəkkilisinsə, Tehrandan, yaxud Moskvadan müxtəlif qruplar tərəfindən ötürülən vəsaitlər hesabına onların mediadakı və ya vətəndaş cəmiyyətindəki maraqlarını ifadə edirsənsə, o zaman qanunların tələblərinə uyğun davrana bilərsən. Amma, məsələn, ABŞ-dan, Fransadan, yaxud başqa bir Qərb ölkəsindən Gürcüstan vasitəsilə ötürülən vəsaitlər hesabına, gəlirlərinin mənbəyini göstərmədən, vergidən yayınaraq, qanunsuz yollarla gəlir əldə edərək fəaliyyət göstərirsənsə, o zaman üzərinə bir toxunulmazlıq "çətiri" enir. Bu yanaşmadan belə anlaşılır ki, qanunların tətbiqində başlıca amil hansı geosiyasi qütbə, tərəfə xidmət etməkdir. Yəni Qərbin təsir agentisənsə, deməli yaxşısan, yox, əgər Rusiyanın nüfuz müvəkkilisənsə, deməli pissən... Qərbin verdiyi pul tərtəmizdir, Rusiyanın ötürdüyü vəsait isə çirkli... Deməli, bunlar sırf jurnalist fəaliyyətinə, ABŞ-ın İraq və Əfqanıstandakı əməllərini ictimailəşdirdiyinə görə, Britaniya məhkəməsinin WikiLeaks saytının yaradıcısı Culian Assanjın ABŞ-a təhvil verilməsi barədə qərarına bəh-bəhlə əl çalırlar, - halbuki onu Birləşmiş Ştatlarda 175 illik həbs cəzası gözləyir - amma Azərbaycandakı təsir agentlərinin qeyri-leqal biznes fəaliyyətlərinə, vergidən yayınma və digər başqa cinayətlərinə görə istintaqa cəlb olunmaları ətrafında misli görünməmiş ajiotaj yaradır, böhtan və qarayaxma kampaniyalarını durmadan körükləyirlər. Yaxud ABŞ-ın Pilotsuz Uçuş Aparatlarının (PUA) Əfqanıstanda dinc əhaliyə endirdiyi zərbələrlə bağlı məlumatları açıqlayan Daniel Heylin 4 ilə yaxın bir zaman kəsiyində azadlıqdan mərhum edilməsini söz və mətbuat azadlığının pozulması hesab etmirlər, amma Azərbaycanda, ölkə qanunvericiliyinə məhəl qoymadan cinayət əməli törədənlərin, xarici ölkələrin maraqlarını ifadə edənlərin az qala həndəvərindən keçməyin yasaq olduğunu bildirilər. Bunun adı bizim dilimizdə riyakarlıq, simasızlıqdır, "ikili standart" da deyə bilərik, baxmayaraq ki, bu ikili standartı da darta-darta çoxüzlü standarta çeviriblər. Kəsəsi, əldə olunmuş təkzibolunmaz faktlara əsasən, Toplum TV adlanan resursun ofisində axtarış-əməliyyat tədbirləri həyata keçirilib. Oxşar tədbirlər mütəmadi olaraq, istər Birləşmiş Ştatlarda, istərsə Fransada, yaxud Aİ-yə üzv olan digər ölkələrdə də mütəmadi olaraq keçirilir. Məsələn, 2023-cü ildə Fransada 19, Yunaıstanda 9 oxşar prezident qeydə alınıb. Lakin soyuq müharibədən qalma ədalarını davam etdirən "beynəlxalq təşkilat" adlanan geosiyasi təzyiq alətləri bu barədə danışmamağa üstünlük verirlər. İspaniyalı jurnalist Pablo Qonsales Rusiyaya cəsusluq etməkdə suçlanaraq, rəsmi ittiham olmadan, Polşada 12 ay müddətinə həbsxanaya atılır və daha sonra bu müddət 3 ay uzadılır, lakin Qərb təsisatların sözügedən media mənsubi ilə bağlı səsləri az qala "səsboğucudan" çıxır. Başqa bir fakta diqqət yetirək: Slovakiyanın Cinayət Məhkəməsi jurnalist Boquş Qarbarı Rusiya xüsusi xidmət orqanlarına "işləməkdə" və rüşvət almaqla günahkar bilərək 3 il müddətinə azadlıqdan məhrum edir və 15 min avro cərimələyir, amma nədənsə Azərbaycana gələndə xorla, "səsgücləndirici" ilə "danışan" beynəlxalq təşkilatlar bu faktın söz və media azadlığı ilə heç bir əlaqəsi olmadığını bildirirlər. Belə anlaşılır ki, bizdə media ilə iynə ucu qədər əlaqəli olan hər hansı bir şəxs konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunanda bu söz və media azadlığının məhdudlaşdırlması kimi özünü büruzə verir, onlarda isə əksinə, jurnalistlərin söz və media azadlığının məhdudlaşdırılması məqdəsilə həbsə atılmaları, cərimələnmələri cinayət faktına görə azadlıqdan mərhum etmə, yaxud cərimələnmə kimi "oxunur". Yəni bəzi Avropa dillərində olduğu kimi, "yazılış"la "oxunuş" bir-birindən tamamilə fərqlənir.
Qərb institutları uzun illərdir ki, onların maraqlarını ifadə edən medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri uzun illərdir ki, maliyyələşdirirlər. Əvvəllər bu, ayrı-ayrı ölkələrin dövlət qurumları, siyasi partiyaları və xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirlən fondların vasitəsilə edilirdisə, ölkə qanunvericiliyindəki boşluqlar aradan qaldırıldıqdan sonra, pulötürmə prosesi Gürcüstan və digər ölkələr üzərindən, həmin ölkələrdə açılmış xüsusi hesablar, adsız kartlar vasitəsilə həyata keçirilir. Eynilə terror təşkilatlarının maliyyələşdirilməsi mexanizmləri Azərbaycandakı təsir agentlərinə münasibətdə də tətbiq olunur. Görünən mənzərənin, hələ açıqlanması mümkün olan detalları bundan ibarətdir. Pərdə arxasında qalan məqamlar isə tük ürpədir. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük müharibə, eləcə də ölkəmizdən separatizmin, erməni terrorizminin kökünü kəsən lokal antiterror əməliyyatlarından sonra Ermənistan və Fransa ilə eyni "nöqtə"yə vurmalarının da səbəbi, özlərini "jurnalist" adlandıran nüfuz müvəkkillərinin ciblərinə gizli yollarla, adsız hesab və kartlar vasitəsilə "axan" vəsaitlərdədir. Biz dövlət və millət olaraq, gurultulu, gəlişigözəl adlar arxasında gizlənən maraqların "demokratiya", "söz və media azadlığı" "saman"ı altından nə yeritdiklərini çox yaxşı bilirik. Son 4 il ərzində gözümüzün önüdə yırtılmayan "maska", açılmayan mətləb qalmayıb. Bu baxımdan da, etdiyimiz seçimə uyğun davranmalıyıq və davranırıq da... Seçimimiz isə əbədiyyətədək Azərbaycanın maraqlarının keşiyində dayanmaqdır.
Elçin Mirzəbəyli