"Qoca" xəstəlik uşaqları hədəf seçir: Təhlükə qapıdadır - Çıxış yolu...
Qızılca xəstəliyi son günlər sürətlə yayılmaqdadır. Artıq Azərbaycanda bu xəstəliyin qurbanı olan uşaqlar da var. Ötən həftə bu xəstəliyə görə Kürdəmirdə Rüfət adlı uşaq vəfat edib. Bu gün isə Rinat adlı uşağın qızılca səbəbindən ölüm xəbəri yayılıb. TƏBİB-dən bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından bu gün saat 04:26 radələrində çağırış daxil olub, 2014-cü il təvəllüdlü şəxsin həkiməqədər ölümü qeydə alınıb.
Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunduğundan hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Qızılcadan kütləvi tələfat halları illər əvvəl yaşanıb. Peyvənd olmayan dövrdə, yəni 60-cı illərdə qızılcadan ölüm halları artmışdı. Vaksindən sonra bu xəstəliyiə görə ölüm hallarının qarşısı alındı.
Qızılca sadəcə səpkidən ibarət bəsit bir infeksion xəstəlik kimi görünsə də peyvəndlənməmiş şəxslər üçün təhlükələri göz qabağındadır. Bir sıra hallarda qızılacaya yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş vermək ehtimalı var. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsulu peyvəndlənmədir. Bu xəstəlik zamanı antibiotiklərin profilaktik istifadəsi tövsiyə edilmir. Qızılca xəstələrində empirik antibiotik müalicəsi yalnız xüsusi hallarda təyin oluna bilər.
Əksəriyyət düşünür ki, peyvəndin faydası yoxdur, əksinə zərərlidir. Halbuki, reaalıq belə deyil, peyvəndlər tamamilə təhlükəsizdir. Peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Peyvənlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Qızılca peyvəndi olmayan hamilə qadınların vaxtından əvvəl doğuşuna və ya az çəkili körpənin doğulmasına gətirib çıxarır.
Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb ki, onlardan 35 nəfəri yaşlı insanlardır. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu xəstəliyin ağırlaşmasının başlıca səbəbi peyvənddən yayınma hallarının olmasıdır. Valideynlər uşaqların peyvənd olunmasından yayındığı üçün təəssüf ki, yoluxmalar artır. Son günlər yaşanan acı hadisələr bir daha göstərir ki, valideynlər övladlarının sağlamlığına daha ciddi yanaşmalı, vaksinasiyadan yayınmamalıdırlar.