Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsindən çıxır
Rusiya Dövlət Duması Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının geri çağırılması barədə qanun layihəsini 1-ci oxunuşda qəbul edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat verib.
Xatırladaq ki, müvafiq qanun layihəsi Rusiya Dövlət Dumasına oktyabrın 13-də təqdim olunub. Bir müddət əvvəl Rusiyanın nüvə sınaqlarına qadağa haqqında sazişin ratifikasiyasını geri götürmək planları ilə bağlı məlumatlar fonunda açıqlama verən NATO-nun baş katibi Yens Stoltenberq təşkilatın nüvə sınaqlarını bərpa etmək niyyətində olmadığını açıqlayıb.
Qeyd edək ki, Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi 1996-cı il sentyabrın 24-də BMT Baş Assambleyası tərəfindən təsdiq olunub. Müqavilə nüvə yüklərinin sınaq partlayışlarını, həmçinin, dinc məqsədlər üçün nüvə partlayışlarını qadağan edir.