Sahibinin stressi heyvanlarda ürək problemlərinə səbəb olur
Son dövrlərdə ürək problemi olan it və pişiklərin sayı təxminən 15 faiz artıb.
meqale.com xəbər verir ki, mütəxəssislər bunu ev heyvanlarının sahiblərində müşahidə olunan stress və emosional gərginliklə əlaqələndirirlər.
Məlumata görə, pişiklər arasında ürək xəstəliklərinə ən çox meyn-kun, reqdoll və britan cinsləri meyillidir. İtlər arasında isə labrador, retriver, alman çoban iti və dobermanlar daha çox risk altındadır.
Ürək problemlərinin əsas səbəbi kimi sahiblərin davranışı göstərilir. Belə ki, evdə qışqırıq, yaxınlarla və ya dostlarla mübahisə, eləcə də iş yerindəki gərginlik heyvanların vəziyyətinə birbaşa təsir edir.
Qeyd olunub ki, insanların yaratdığı stress heyvanlarda koronar damarların daralmasına səbəb olur, bu isə ürək əzələsində işemiyaya və bəzən simptomsuz keçən kiçik infarktlara yol aça bilər. Xüsusilə iri cins və yaşlı itlər bu riski daha çox daşıyır.
Qusma, halsızlıq və təngnəfəslik kimi əlamətlərə diqqət etmək tövsiyə edilib.
Profilaktika məqsədilə baytarlar heyvanlara 6 ayında,1 yaşında və daha sonra həkimin göstərişinə əsasən ürəyin USM müayinəsini keçirməyi məsləhət görürlər. Ürəyin fəaliyyətinə balalıq dövründən nəzarət etmək gələcəkdə ciddi fəsadların qarşısını almağa kömək edir.