Seçki qanunvericiliyinə zidd hər hansı hal aşkarlamadıq - Odiljon İminov
Fevralın 8-də Özbəkistan parlamentinin müşahidə missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı təşkil edib.
meqale.com Trend-ə istinadən bildirir ki, tədbirdə çıxış edən Özbəkistan Senatının komitə sədri Odiljon İminov seçki prosesini müşahidə etməyin onlar üçün faydalı olduğunu bildirib.
Şuşa və Xankəndi şəhərlərində yerləşən məntəqələrdə seçki prosesini izlədiklərini deyən komitə sədri qeyd edib:
"Həmin məntəqələrdə seçki prosesi vaxtında başlamışdı və qutular möhürlənmişdi. Məntəqələrdə xüsusilə ilk dəfə səs verməyə gələn gəncləri gördük. Onlar öz gələcəklərinə səs verirdilər. Məntəqələr, həmçinin veb-kamera ilə təchiz edilmişdi.
Seçkiləri işıqlandırmaq üçün media nümayəndələrinə də şərait yaradılmışdı. Seçki prosesi açıq və şəffaf şəkildə keçirildi. Müşahidələrimiz zamanı seçki qanunvericiliyinə zidd hər hansı hal aşkarlamadıq".
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.