Seçkiləri izləmək üçün Xankəndiyə səfər etmək təklifini məmnuniyyətlə qəbul etdim - Moldova parlamentinin üzvü
Moldova ərazi bütövlüyü məsələlərində Azərbaycanı qeyd-şərtsiz dəstəkləyir.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Moldova parlamentinin üzvü Vitali Yakot brifinqdə deyib.
"Parlamentlərimiz arasında ikitərəfli əlaqələr çərçivəsində Prezident seçkilərini izləmək üçün buradayam. Mən həm də ölkələr arasında parlament dostluq qrupunun sədriyəm. Azərbaycan bizim üçün çox mühüm strateji tərəfdaşdır".
Onun sözlərinə görə, Moldova bütün proseslərdə Azərbaycanı dəstəkləməyə çalışır.
"Bir çoxları üçün həssas məsələ olmasına baxmayaraq, seçkiləri izləmək üçün Xankəndi şəhərinə səfər etmək təklifini məmnuniyyətlə qəbul etdim. İki il əvvəl Şuşa şəhərində olmuşam. Azərbaycanın düzgün yolda olduğuna əminəm. Mən işğaldan azad olunan ərazilərdə dağıdılmış infrastrukturun tikintisini və bərpasını izlədim", - deyə o vurğulayıb.
O qeyd edib ki, Moldova ərazi bütövlüyü məsələlərində Azərbaycanı qeyd-şərtsiz dəstəkləyir. Vitali Yakot qeyd edib ki, Moldovanın avropalı həmkarlarına verdiyi mesaj da bundan ibarətdir.
"Azərbaycan demokratik inkişaf yolunda etibarlı və çox yaxşı tərəfdaşdır", - deyə o əlavə edib.
Qeyd edək ki, ABŞ-nin "Oracle Advisory Group" təşkilatı dünən Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.
Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.
"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini də elan edib. İlkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb.
Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin növbəti nəticələri də Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunub.
MSK sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
Əlavə edək ki, ötən gün - 7 fevral Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.