Tərtərdə mina partladı - Xəsarət alan var - YENİLƏNİB
Noyabrın 5-i saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlaması nəticəsində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon prokurorluğundan meqale.com-a verilən xəbərə görə, hadisə nəticəsində rayon sakini 1960-ci il təvəllüdlü Asif Hüseynov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası və çox saylı qəlpə yarası xəsarətləri alıb.
Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
----- 14:15 Tərtər rayonunda mina partlayışı baş verib.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən meqale.com-a verilən məlumata görə, 2023-cü il 5 noyabr tarixində Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.
Qeyd olunub ki, piyada əleyhinə mina partlayışı nəticəsində Tərtər rayon Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu xəsarət alıb.
Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.
"ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!"
---- 12:43 Noyabrın 5-də saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan meqale.com-a bildirilib ki, rayonun Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.
Araşdırma aparılır.