Tərtərdə minaya düşən şəxsin ayaqları amputasiya edildi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti Tərtərdəki mina partlayışı ilə bağlı məlumat yayıb.

Tərtərdə minaya düşən şəxsin ayaqları amputasiya edildi
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti Tərtərdəki mina partlayışı ilə bağlı məlumat yayıb.

ANAMA-dan verilən məlumatda bildirilib ki, 6 oktyabrda Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

"Məlumata əsasən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsin hər iki ayağı amputasiya edilib".

ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır:

"Təhlükəli ərazilərdə hər bir addım ölümcül fəsadlar törədə bilər. Aşağıdakı tövsiyələrə riayət edərək mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstək olaq:

· Təhlükəli və bələd olmadığınız ərazilərə daxil olmayın!

· Yalnız gündəlik işlək yollardan istifadə edin!

· Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun!

· Naməlum əşyalara toxunmayın!

· Özünüzü, ailənizi, yaxınlarınızı düşünün".