"Ümid edirəm ki, biz də nə vaxtsa final mərhələsinə vəsiqə qazanacağıq"
meqale.com xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emreli Belçikaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələsinin oyunundan əvvəl "Report"un Brüsselə ezam olunan əməkdaşının suallarını cavablandırıb.
- İlk olaraq bugünkü matçla bağlı fikirlərini almaq istərdik. Sonuncu qarşılaşmada nəyə nail ola bilərik? - Bura yaxşı nəticə üçün gəlmişik. Ümid edirəm ki, İsveçlə görüşdəki kimi buna nail ola biləcəyik. Meydanda intizamı qoruyub saxlamağa çalışacağıq. Yaxşı oyun nümayiş etdirməli və inamla oynamalıyıq ki, bunların hamısı həyata keçsin. Əlbəttə ki, rəqibin də gücünü bilirik. İtirəcəyimiz heç nə yoxdur. Daha çox onların qazanacağı bir şey var. Qrup lideri olmaq istəyirlər. Biz də bunu dərk edirik.
- İsveçə 3:0 hesabı ilə qalib gəldiyiniz matçdan sonra kollektivdə əhvali-ruhiyyə necədir? - Yaxşıdır. Özümüzə inamımız artıb. Hiss edirik ki, daha artığını edə bilərik. Ötən gün bəzi oyunçular bərpa prosesi keçdilər, tam olaraq məşq etdik. Artıq matça köklənmişik.
- Hava şəraitinin sizə çətinlik yaradacağını deyə bilərik? - Əlbəttə ki, çətinliklər olacaq. Bu bəhanə deyil. Hava şəraiti hər iki komanda üçün eynidir. Amma təbii ki, bura Bakı ilə müqayisədə bir qədər soyuqdur. Hardasa çətinlik ola bilər. Amma biz əlimizdən gələnin ən yaxşısını etmək üçün çalışmalıyıq.
- Bakıda üç gün əvvəlki qələbədən sonra daha bir tarixi nəticəyə məhz Belçikada imza atmaq mümkündür? - Məncə, düşüncələrə qapılıb özümüzü çətinə salmaq olmaz. Bizi təzyiq altında saxlayacaq fikirlər olmamalıdır. Daha əvvəl də vurğuladığım kimi, itirəcəyimiz bir şey yoxdur. Yaxşı oyun sərgiləməliyik.
- Belçika ilə görüşü nəzərə almasaq, seçmə mərhələni necə dəyərləndirirsən? - İlk iki qarşılaşma bərbad alınmışdı. Digər görüşlərdə,ə bütün rəqiblərə qarşı yaxşı oynamışıq. Belçikaya Bakıda çətinlik yaratmışdıq. Hər oyunda tam gücümüzü qoymalıyıq. Belə olan təqdirdə hər şey yaxşı olacaq. İlk iki matçda nələrin baş verdiyini bilmirəm, zədəli olduğum üçün milliyə gələ bilməmişdim. Çünki ondan sonrakı bütün matçlarda yaxşı mübarizə aparmışıq və rəqiblərə çətinlik yaratmışıq. Əlbəttə, sonda nəticə yadda qalır. Amma oyun barədə danışsaq, yaxşı çıxış etdiyimizi düşünürəm.