Xocalı qatili Beqlaryanın göstərdiyi yerdə məzarlıq aşkarlandı: 200-ə qədər şəxsin nəşi burada ola bilər - VİDEO - FOTO

Xəbər verdiyimiz kimi, 2023-cü ilin avqustunda Xocalı faciəsinin iştirakçısı Raşid Beqlaryan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Xocalı qatili Beqlaryanın göstərdiyi yerdə məzarlıq aşkarlandı: 200-ə qədər şəxsin nəşi burada ola bilər - VİDEO - FOTO
Xəbər verdiyimiz kimi, 2023-cü ilin avqustunda Xocalı faciəsinin iştirakçısı Raşid Beqlaryan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Dindirilməsi zamanı təqsirləndirilən şəxs Raşid Beqlaryan 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verərək bildirib ki, Xocalıya hücum zamanı sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər veriblər. Əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salıblar.

Raşid Beqlaryan istintaqa ifadəsi zamanı bildirib ki, onlar atəş açanda qadınlar və uşaqlar qışqırmağa başladılar, qaçıb xilas ola bilənlər Ağdam tərəfə getdilər, xilas ola bilməyənlər isə burada qaldılar.

"Atəş bitdikdən sonra meyitlərə yaxınlaşıb yoxlayırdılar. Ölməyənlərin üzərinə yenidən atəş açırdılar. Sonra onların üzərindəki qiymətli əşyalar çıxarılmağa başladılar. Bu ərazi Xocalı sakinlərinin meyitləri ilə dolu idi. Meyitlər burda təxminən bir həftə qaldıqdan sonra basdırıldı", - deyə o, əlavə edib.

Qeyd edək ki, daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Raşid Beqlaryan ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Xocalı soyqırımında qətlə yetirilən azərbaycanlıların Əsgəran qalası ətrafında kütləvi basdırıldığı həmin ərazini göstərmişdi.

Raşid Beqlaryanın ifadələri əsasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu tərəfindən Əsgəran qalası yaxınlığında axtarış-qazıntı işləri aparılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Zaur İsmayılov Trend-ə bildirib ki, ərazidə Xocalı sakinlərinə aid olduğu ehtimal edilən məzarlıq tapılıb. Burada azı 8 nəfərin nəşinin qalıqları aşkar olunub. Bundan sonra da davam etdiriləcək axtarış işləri çərçivəsində bu rəqəmin artacağı istisna olunmur.

8 fevral tarixində məzarlığın aşkar olunduğu əraziyə media nümayəndələrinin səfəri təşkil olunub. Səfər çərçivəsində yerli media nümayəndələri ilə yanaşı Serbiya, Türkiyə, Mərakeş, Peru, Uruqvay, Özbəkistan, Bosnya və Rusiyadan olan 35 nəfər xarici media nümayəndələri əraziyə baxış keçirib.

Səfər iştirakçılarına məlumat verilib ki, burada aşkar edilən insan qalalarının eyniləşdirməsi məqsədi ilə növbəti mərhələdə insan qalıqları ərazidən götürülərək aidiyyatı laboratoriyalara təhvil veriləcək. Asif Mehman