24 nəfərin nəşi tibbi ekspertizadan keçiriləcək
Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan vətəndaşlarımızın nəşi müayinə olunacaq.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Aktau yaxınlığında qəzada həlak olan ekipaj üzvlərinin və 21 sərnişinin nəşləri Bakıya gətiriləndən sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov deyib.
"Vəfat etmiş şəxslərin nəşi xüsusi ayrılmış avtomobillərlə Birliyin şöbələrinə aparılacaq. Bunun üçün 3 şöbə ayrılıb. Şərifzadə küçəsində Patoloji Anatomiya Bürosu, Sabunçu rayonu şöbəsi və Nəsimi rayonu şöbəsi. Morqlarda vəfat etmiş şəxslər müayinə olunacaq, məhkəmə-tibbi ekspertiza aparılacaq, sonra ekspertiza rəyi tərtib edilərək Baş Prokurorluğun İstintaq İdarəsinə təhvil veriləcək", - o bildirib.