AFFA onu millinin baş məşqçisi təyin edəcək

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komandanın yeni baş məşqçisini demək olar ki, müəyyənləşdirib.

AFFA onu millinin baş məşqçisi təyin edəcək
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) milli komandanın yeni baş məşqçisini demək olar ki, müəyyənləşdirib.

İdman.biz-in əldə etdiyi məlumata görə, yığmaya böyük ehtimalla Azərbaycanın U-21 millisinin çalışdırıcısı Ayxan Abbasov rəhbərlik edəcək.

Mənbənin sözlərinə görə, hazırda müzakirələr məşqçinin namizədliyi ilə bağlı deyil, onunla imzalanacaq müqavilənin müddəti ətrafında aparılır. İki variant nəzərdən keçirilir: ya cari seçmə mərhələ bitənədək, ya da uzunmüddətli müqavilə bağlanacaq. Yaxın günlərdə bu məsələ həll olunacaq və yeni baş məşqçinin adı rəsmi olaraq açıqlanacaq.

Xatırladaq ki, portuqaliyalı mütəxəssis Fernandu Santuş 2026-cı il dünya çempionatının seçmə mərhələsinin ilk oyununda İslandiyaya 0:5 hesabı ilə məğlubiyyətdən sonra istefaya göndərilmişdi.

Ukrayna yığmasına qarşı Bakıda keçirilən oyunda Azərbaycan millisini gənclərdən ibarət yığmanın baş məşqçisi və o dövrdə "Şamaxı" klubuna rəhbərlik edən Ayxan Abbasov meydana çıxarmışdı. Komanda onun rəhbərliyi altında layiqli oyun göstərərək görüşü 1:1 hesablı heç-heçə ilə başa vurmuşdu.

Qeyd edək ki, Azərbaycan millisinin növbəti oyunları 2026-cı il dünya çempionatının seçmə mərhələsində keçiriləcək: komandamız oktyabrın 10-da Fransaya, 13-də isə Ukraynaya qarşı səfərdə qüvvəsini sınayacaq.