Aİ hədəfi yolunda Ermənistanı qurban seçdi - Gizli plan
Bu, Azərbaycanı yox Rusiyanı narahat etməlidir
meqale.com xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu Avropa İttifaqının Ermənistandakı müşahidəçilərin sayının artırılmasına münasibət bildirərkən qeyd edib.
Politoloqun fikrincə bu məsələlərin Azərbaycana aidiyyatı yoxdur:
"Avropa İttifaqının Ermənistandakı müşahidəçilərin sayının artırılması Azərbaycanı yox Rusiyanı narahat etməlidir. Kremldəkilərin fikrincə, həmin missiya Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazası haqqında kəşfiyyat məlumatları toplayır. ABŞ və Fransa baş nazir Nikol Paşinyanı Rusiyadan uzaqlaşdırmağa və Rusiyanın Ermənistandakı hərbi bazasını yaxın müddətdə çıxarılmasına təşviqə çalışırlar. Bu məsələlərin Azərbaycana aidiyyatı yoxdur. Ermənistanda, ABŞ-da və Avropanın bəzi ölkələrində "Azərbaycan Qərbi Zəngəzuru ələ keçirməyə çalışır, bu səbəbdən Ermənistanla sərhəddə Avropa İttifaqı müşahidəçilərin sayı artırılmalıdır" çağırışları eşidilsə də, bunun da bizə dəxli yoxdur, bu, həmin missiyanı Ermənistanda saxlamaq və gücləndirmək üçün Brüsselin və Vaşinqtonun bəhanəsidir. Bu bəhanəylə mübarizə aparmaq isə Azərbaycanın deyil Rusiyanın problemidir"
Aİ-nin hədəfi Rusiyanı Ermənistanda sıxışdırmaq və İrəvan üzərindən Cənubi Qafqazda möhkəmləndirməkdir
Bunu isə politoloq Asif Nərimanlı sözügedən məsələyə münasibət bildirərkən deyib.
"Avropa İttifaqı Ermənistandakı müşahidə missiyasını genişləndirməyi planlaşdırır və bu addımı "Azərbaycanın Ermənistanın suverenliyi və ərazi bütövlüyünə təhdidə cavab" olaraq atdıqlarını bəyan edirlər.
Aİ-nin hədəfi Rusiyanı Ermənistanda sıxışdırmaq və İrəvan üzərindən Cənubi Qafqazda möhkəmləndirməkdir. Lakin səbəb kimi Rusiyanı göstərməklə Moskvanın İrəvana təzyiqinə zəmin yaratmaq istəməyən Brüssel bu gedişini Azərbaycana qarşı ittihamla "legitimləşdirməyə" çalışır.
Digər, xüsusilə cari plana hesablanmış səbəb isə Bakının Fransanın rəhbərlik etdiyi və erməni maraqlarının müdafiə olunduğu Qərb masasına gətirmək, sülh danışıqlarını gündəmdə olan regional platformadan çıxarmaqdır. Və Azərbaycana qarşı "işğalçı" ittihamları üzərindən Bakıya təziq etməyə çalışırlar. Blikenin adında ABŞ mediasında Azərbaycana qarşı irəli sürülən ittihamlarla Aİ-nin müşahidə missiyasını genişləndirmək planını birləşdirən nöqtə də budur".
İslam meqale.com