Avropa İttifaqının 1500-cü "erməniliyi"

Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyası (EUMA) yubileyini qeyd edib.

Avropa İttifaqının 1500-cü
Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyası (EUMA) yubileyini qeyd edib.

Dünən EUMA mənsubları Ermənistanla Azərbaycan arasındakı şərti dövlət sərhədi boyunca 1500-cü patrul-müşahidə baxışı ilə bağlı açıqlama yayıblar.

"Ermənistanın Azərbaycanla həmsərhəd olan rayonlarında EUMA-nın patrul növbələrinin sayı 1500 oldu. Qarşımıza yerlərdəki vəziyyəti müşahidə etmək və bu barədə məruzələr hazırlamaq vəzifəsi qoyulub. EUMA 6 operativ bazadan patrul xidmətini həyata keçirir", - açıqlamada deyilib.

EUMA-nın Ermənistandakı fəaliyyətinin məntiqi səbəbləri və prosesin özünün nədən ibarət olduğunu Avropa İttifaqı rəsmiləri izah etməyə çalışsalar da, nəticə çox pis alınır.

Azərbaycanla şərti dövlət sərhədinə yaxınlaşaraq binokllarla ərazilərimizə baxmaq, sonra da baxışların nəticələri ilə bağlı hesabatlar hazırlayıb Brüsselə yollamaq ciddi fəaliyyət deyil.

Son üç ayda şərti dövlət sərhədində ermənilərin silahlı təxribatlarının sayının azalması və nisbi sakitliyin müşahidə olunması heç bir halda EUMA missiyasının fəaliyyətinrin nəticəsi sayıla bilməz.

Missiyanın gerçək fəaliyyəti barədə rəsmi açıqlamalar verilir, amma elə Aİ ölkələrinin mass-mediasında yer alan iddialara görə, Ermənistanda adi patrul-müşhahidə çıxışları sadəcə, əsas fəaliyyəti pərdələmək məqsədi güdür.

EUMA-nın real fəaliyyətinin Avropa İttifaqının Ermənistanda dayaq müstəviləri formalaşdırmaq, regiondakı proseslərə təsir imkanlarına yiyələnmək, habelə Rusiyanın Ermənistandakı hərbi kontingenti barədə operativ-kəşfiyyat məlumatlarını əldə etmək və imkan olanda rusiyalı hərbçiləri verbovka edərək "əməkdaşlığa" cəlb etməkdir.

1500 rəqəmini fəaliyyətin məhsuldarlıq simvolu kimi göstərməyə çalışan EUMA əslində Ermənistanın sürətlə yeni Livana çevrilməkdə olmasında Avropa İttifaqının müvafiq strukturlarının işindən bəhs etmir.

Halbuki bu iş çox sürətlə gedir və udanların kimliyindən asılı olmayaraq uduzan Ermənistan olacaq.

Elçin Alıoğlu meqale.com