Azərbaycanda bir sıra institutlar birləşdirilir - Baş nazir qərar imzaladı - SİYAHI
Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılır.
meqale.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda deyilir:
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın:
1.1. Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu; 1.2. Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu; 1.3. Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu; 1.4. Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu; 1.5. İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu; 1.6. Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu; 1.7. Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu; 1.8. Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu. 2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki: 2.1. Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə verilsin; 2.2. Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstitutu (Gəncə) və Nəbatat Bağı (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə verilsin; 2.3. Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilsin. 3. Bu Qərarın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin: 3.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə: 3.1.1. elmi müəssisələrin yenidən təşkili və ləğv edilməsi; 3.2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə: 3.2.1. bu Qərarın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli. 4. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi: 4.1. bu Qərarın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrini iki ay müddətində təsdiq etsin; 4.2. publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün; 4.3. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.