Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Bakıda 10 nəfərin öldüyü partlayışın şahidləri DANIŞDI
"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

meqale.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. 

Şahid Hikmət Əliyev icarədar olduğunu bildirib:

"Emalatxanada olmuşam. Bu işlə 3-4 ildir fəaliyyət göstərmişəm. İşlədiyim müddətdə belə bir şey olmamışdı. İlk dəfə idi ki, belə bir hadisə ilə rastlaşırdım. Mən dəmir sexində idim, titrəmə oldu. O an içəridə idim, çölə qaçdım gördüm ki, partlayış olub".

Digər şahid Zaur Hüseynov zavodda jalüz satışı ilə məşğul olduğunu bildirib:

"Mən Binəqədi rayonunda "Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən sexi icarəyə götürmüşdüm. Müqavilə imzalandığı üçün mən cavabdeh idim. Mən sexdə olduğum zamanı titrəyiş hiss etdim. Elə bildim zəlzələ olub. Gördüm tüstü çıxır, yanğın baş verib. Ərazini tərk etdim. Ondan sonra kimlər ölüb, kimlər xilas olub xəbərim olmadı".

Digər şahidlərin dindirilməsi ilə bağlı olaraq proses qeyri-müəyyən vaxta təyin edildi.

Qeyd edək ki, 2024-cu il yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda "Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 63 yaşlı Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 33 yaşlı Toğrul Rzayevin üzərinə düşən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.