Bakıda keçiriləcək COP29 konfransında bu məsələnin müzakirə olunacağına ümid edirəm - Fatih Birol
Azərbaycanda keçiriləcək COP29 konfransında formalaşmaqda olan bazara malik və inkişaf etməkdə olan ölkələrdə təmiz enerji mənbələrinin maliyyələşdirilməsi məsələsinin qaldırılacağına ümid edirəm.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirələrdə deyib.
"Dubayda keçirilən COP28 konfransında çox şey, o cümlədən, bərpa olunan enerji mənbələrinin (BEM) imkanlarının və investisiyaların artırılması müzakirə olundu. Lakin biz inkişaf etməkdə olan ölkələrdə təmiz enerjiyə investisiya qoymağa hazırlaşdığımız üçün bu məsələ Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində müzakirə olunmalıdır.
Son beş il ərzində təmiz enerji sektoruna investisiyalar 1 trilyon dollardan 1,8 trilyon ABŞ dollarınadək artıb. Problem ondadır ki, bu investisiyaların böyük bir hissəsi Çin tərəfindən həyata keçirilib. Ümid edirik ki, COP29 bu problemi həll edəcək", - deyə o bildirib.
F.Birolun sözlərinə görə, bütün ölkələrin hakimiyyətləri bu investisiyaların səmərəliliyinin təmin olunması üçün lazımi standart və mexanizmləri tətbiq etməlidir.
"Enerji səmərəliliyinə investisiyaları üçqat artırmalıyıq, əksər hallarda bu investisiyaların xərci iki-üç il sonra çıxarılır. Bu, çox gəlirli biznesdir. Lakin hökumətlər xüsusən aşağı gəlir səviyyəsinə malik qruplar üçün istilik nasosu və elektromobil satın alınmasına ilkin investisiyaların həyata keçirilməsi məqsədilə stimullar yaratmalıdır. Enerji səmərəliliyinin artırılması üzrə tədbirlər görən şirkətlərin rəqabətli mühitdə işlədiyinə zəmanət verən mexanizmlər mövcud olmalıdır.
İstehlakçıların motivasiyası təkcə özləri üçün enerjiyə qənaət olmalı deyil. Biz hökumətlərin bunun ilk növbədə onların büdcəsi üçün, eləcə də, enerji təhlükəsizliyi və karbon izi səbəbindən lazım olduğunu anlamalarına kömək göstərməliyik. Ötən il Parisdə 60-a yaxın hökumət bir araya gəldi və müvafiq standartları müzakirə etdik", - deyə IEA-nın icraçı direktoru əlavə edib.
Xatırladaq ki, 11 dekabr 2023-cü ildə Dubayda keçirilən COP28 konfransı çərçivəsində COP29 konfransının Azərbaycanda keçiriləcəyi barədə qərar rəsmi şəkildə elan olunub.
Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliyini irəli sürmüşdü. Lakin 7 dekabr 2023-cü ildə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında birbaşa danışıqlardan sonra Ermənistan Azərbaycanı dəstəkləyərək öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da eyni addımı atıb.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 2024-cü il yanvarın 4-də COP29-un prezidenti təyin edilib.