Bakıda qəzalı binalar təhlükə yaradır – Söküntü başlayır

Son günlər həm paytaxt Bakıda, həm də bölgələrdə qəzalı vəziyyətdə olan binalarla bağlı məlumatlar ictimailəşir.

Bakıda qəzalı binalar təhlükə yaradır – Söküntü başlayır
Son günlər həm paytaxt Bakıda, həm də bölgələrdə qəzalı vəziyyətdə olan binalarla bağlı məlumatlar ictimailəşir.

Sakinlərin şikayətləri, mediada yayılan görüntülər bu problemin getdikcə daha ciddi təhlükə yaratdığını göstərir.

Xüsusilə yağıntılı havalarda və ya zəlzələ zamanı bu cür tikililərin çökmə ehtimalı artır.

meqale.com-ın əldə etdiyi məlumata görə, Bakı, Sumqayıt və Gəncədə ümumilikdə 260 qəzalı bina var.

Belə ki, onlardan 228-i Bakıda, 21-i Sumqayıtda və 11-I isə Gəncədədir.

Qeyd edək ki, paytaxtın Sabunçu, Suraxanı və Səbail rayonlarında söküntü işləri aparılacaq.

Səbail rayonunda Salman Mümtaz küçəsindəki 30 və 34 nömrəli, eləcə də Dağlıq küçəsindəki 24 nömrəli binaların söküntüsü üçün sənədləşmə və nəzarət işləri həyata keçiriləcək.

Həmçinin, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti bitmiş qəzalı binaların söküntüsü üçün layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Bu məqsədlə də Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən tender elan edilib.

Söküntü işlərinin aparılacağı ünvanlar aşağıdakılardır:

Sabunçu rayonu, Y.Qasımov küçəsi, ev 39

Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və bina 6

Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi, ev 43

Hazırda söküntü işlərinin aparıldığı ərazilərdə əhaliyə iki yol təklif olunur. Vətəndaşlara söküləcək evlərinin yerində inşa olunacaq binalardan mənzillər təklif edilir. Həmin ərazidəki mənzil sahibləri müvəqqəti olaraq kirayə evlərə köçürülür. Onlara kirayə haqqı da ödənilir. Vətəndaşın evi 50 kvadrat olursa, ona əlavə 20 kvadrat artıq mənzillər təklif olunur.

Digər yol isə vətəndaşlara söküləcək mənzilləri müqabilində kompensasiya verilməsidir. Hazırda Bakı üzrə kompensasiya məbləği 2500-2800 AZN arasında dəyişir.