Bazarlara vergi nəzarəti gücləndirilir

"Kölgə iqtisadiyyatı" ilə sistemli mübarizə aparılması, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi istiqamətində mühüm yeniliklərdən biri bazarlara nəzarət üzrə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlıdır.

Bazarlara vergi nəzarəti gücləndirilir
"Kölgə iqtisadiyyatı" ilə sistemli mübarizə aparılması, vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi istiqamətində mühüm yeniliklərdən biri bazarlara nəzarət üzrə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlıdır.

meqale.com xəbər verir ki, dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki olaraq fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdüyü obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq. Bu öhdəliyin təmin edilməsi bazar mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiyanın, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumatın yerləşdirilməsi nəzərdə tutulur.

Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil.

Qeyd edək ki, bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklər Qanun qəbul edildikdən 9 ay sonra qüvvəyə minəcək. Bundan başqa, bazarların mülkiyyətçiləri tərəfindən növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin vergi orqanında uçota alınması təmin edilməlidir.