Beynəlxalq ictimaiyyət bununla bağlı Azərbaycana dəstək olmalıdır - Türkiyəli səyyah
Bir türk olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə görə xoşbəxtik. Bu torpaqların 30 illik işğal dövrü bizi çox kədərləndirirdi.
meqale.com xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən Türkiyəli səyyah Tufan Sevincel deyib.
O qeyd edib ki, Azərbaycan torpaqlarını dirçəldir. Lakin bütün iş bununla bitmir.
"Ermənilər işğal dövründə bu torpaqları dağıdıb, minalayıb. Mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyət Azərbaycana dəstək olmalıdır. O qədər böyük ərazilər minalanıb ki, qısa müddət təmizlənməsi mümkün deyil. Bu səbəbdən də insanların öz yurdularına qayıdıb yaşaması gecikə bilir", - deyə səyyah əlavə edib.
Qeyd edək ki, bu gün dünya şöhrətli "NomadMania" beynəlxalq səyahətçilər klubunun Qarabağa səfəri başlayıb. Heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) 50 nəfərə yaxın tanınmış səyyah yer alır. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarından olan Harry Mitsidis şəxsən başçılıq edir.
Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edəcək.