Beynəlxalq tədbirdə ermənilər təxribata əl atdı - FOTO
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən 45-ci sessiyasında erməni təxribatının qarşısı alınıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, konqres çərçivəsində Azərbaycan nümayəndə heyətinin tam tərkibdə iştirak etdiyi sessiya səmərəli keçib.
Sessiyanın sonuncu günündə ermənilərin və onları dəstəkləyən qüvvələrin cəhdlərinə baxmayaraq, son anda gündəliyinə salınan "Qarabağ və ətraf şəhərlərdə və regionlarda humanitar vəziyyətə dair Bəyanat"da "Dağlıq Qarabağ", "etnik təmizləmə", "ermənilərin mədəni və dini irsinin qorunması" və buna oxşar digər müddəalar sənəddən çıxarılıb.
Azərbaycanın Konqresdə iştirak edən nümayəndə heyətinin rəhbəri Anar İbrahimov deyib ki, AŞPA-nın son sessiyasında qəbul olunan bəyanatda bu müddəaların saxlanmasından ilhamlanan ermənilər Avropa Şurası Konqresində də bunu təkrarlamağa çalışıblar.
"Düzdür, bəyanat tam şəkildə bizi qane etmir. Ümumiyyətlə, bu məsələ Azərbaycanın daxili işidir və heç bir müzakirəyə çıxarılmamalıdır. Nümayəndə heyətimizin təkidi ilə, həmçinin sessiyada qəbul olunan "Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş yerli seçkilərlə bağlı hesabat" məsələyə aid olmayan müddəalardan və digər ifadələrdən təmizlənib", - deyə A.İbrahimov bildirib.