"Bizi Vaqifin dəstəsi qırdı" - VİDEO
Atam ovçu idi, ona görə ilk onu öldürdülər
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Vaqif Xaçaturyanın məhkəməsində zərərçəkmiş İlham Kazımov deyib.
Zərərçəkən bildirib: Xalamı ayağından yaralamışdılar. Ona gəlib çatanda dedi ki, bizi Vaqifin dəstəsi qırdı. Kəndin yolunu tam tuta bilməmişdilər, Laçına doğru yol açıq qalmışdı, oranı da ermənilər tutsaydı hamımızı öldürəcəkdilər".
"Yoldaşım da uşaqlarla qarlı havada oradan çox çətin çıxa bildilər. Mən yaralı olaraq meşəyə çıxdım, gördüm ki, ailəm orada qalıb. Yoldaşım donvurmadan əlil oldu. Sonra biz başqa yerə keçib, helikopterlə Ağdama gətirdilər. Bu Vaqif Meşəli hadisələrin döyüşlərə rəhbərlik edib, azərbaycanlılara qan uddurub. Bu adam ömürlük həbs olunmalıdır. Biz bunu tələb edirik", - İlham Kazımov bildirib.
Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.