Bu növbəti parlaq qələbədir - Sevinc Hüseynova
Azərbaycan xalqı tarixinin ən şanlı gününü qeyd etmək ərəfəsindədir. Üç il bundan öncə Vətən Müharibəsi gedirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz xalqımıza torpaqlarımızın işğaldan azad olunması xəbərlərini verirdi. Hər bir gün bizi zəfərə yaxınlaşdırırdı. 8 noyabr tarixində isə Azərbaycanın mədəniyyət paytaxtı və böyük strateji əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin taleyini həll etdi. Rəsmi İrəvanı məcbur etdi ki, kapitulyasiya aktını imzalasın.
meqale.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, bəziləri düşünürdü Azərbaycan 2020-ci il 8 noyabrda üçtərəfli bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və əksər ərazilərlə Şuşanın azad edilməsi maksimal hədd olacaq:
"Onlar bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın nəzarətini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə əsasən ABŞ və Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı".
Deputat əlavə edib ki, BMT, Avropa Parlamenti, Avropa Şurası kimi beynəlxalq mexanizmlərin potensialından yararlanmaq cəhdləri, sanksiyalar tətbiq ediləcəyi ilə bağlı hədələr Qərb dairələrinin sadəcə sözçülüklə məşğul olmadığını və öz niyyətlərini praktiki müstəviyə keçirdiklərini aydın nümayiş etdirdi.