“Cahangirbəyli” SES-də istehsal olunacaq enerjinin illik həcmi açıqlanıb

İşğaldan azad olunan ərazilərdə yeni "yaşıl enerji" potensialının yaradılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2022-ci ildə "AzərEnerji" ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan su elektrik stansiyaları (SES) silsiləsinin tikintisinə başlanılıb.

"Artıq "Sarıqışlaq", "Şayıflı" və "Zəngilan" SES-lərdə işlər yekunlaşmaqdadır, "Cahangirbəyli" SES-də isə işlər tamamlanıb".

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib. Bildirib ki, "Cahangirbəyli" SES üçün tikilən maşın zalında 5,25 meqavat gücündə Avropa istehsalı olan yaşıl sertifikatlı frensis tipli iki ekoturbin, generatorlar, məsafədən idarəedilən rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyada il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək.

"4 stansiyadan ibarət 42 meqavatlıq "Zəngilan" Su Elektrik Stansiyalar Silsiləsi işğaldan azad edilən ərazilərdə tamamilə yeni inşa edilən ilk ən böyük enerji istehsalı layihəsidir. Bu layihə cəmi bir ilə ərsəyə gəlib. İndiyədək nə Azərbaycanda, nə də digər yerlərdə bu sayda, bu gücdə və bu müddətdə SES-lərin tikilməsi faktına rast gəlinməyib.

Bu dörd stansiyanı su ilə təmin etmək üçün "AzərEnerji" tərəfindən dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Eni 450, uzunluğu 250 metr olan qurğunun su tutumu 400-450 min kubmetrə bərabərdir. Bu qurğunun yaradılması enerji istehsalından əlavə, kənd təsərrüfatı və ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Baş suqəbuledicinin tikilməsi 30 il müddətində çirklənən çay yatağının təmizlənməsinə, yardım edəcək. Baş suqəbuledicidən çayın suyunun 35 faizi məcrasında saxlanılmaqla 23 kilometr məsafədə qoşa derivasiya boruları çəkilib. Borudan çıxan su təkrar çaya buraxılır. "Cahangirbəyli" SES-in ətrafında 8 mindən çox ağac əkilib".