COP29 Azərbaycan-BMT münasibətlərində yeni səhifə açacaq - Sahib Məmmədov
COP29 Azərbaycan-BMT münasibətlərində yeni səhifə açacaq.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi"nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında deyib.
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi bəşəriyyətin ən aktual problemlərinin müzakirə olunduğu platformaların Azərbaycanda təşkil olunması ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli vətəndaş kimi mövqeyini təsdiqləyir və BMT ilə münasibətlərimizdə yeni səhifə açır", - o deyib.
O, bu ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsini xatırladıb.
"Yuxarıda qeyd olunan qərarlardan çıxış edərək, eləcə də, bu ilin noyabr ayında COP29-un ölkəmizdə təşkil olunacağını nəzərə alaraq düşünürəm ki, hətta Çərçivə sənədi üzrə həyata keçirdiyimiz layihələrdə də üstünlüyü ekoloji layihələrə verməliyik", - deyə o əlavə edib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.