"COP29-un Bakıda keçirilməsi ölkəmizin nüfuzunu artıracaq" - FOTO

COP29-un Azərbaycanda keçirilməsi siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir.

COP29-un Azərbaycanda keçirilməsi siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir.

Mİlli.Az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, ölkəmizdə təmiz ətraf mühitin formalaşması istiqamətində mühüm işlər görülür:

"Bu tədbirin ölkəmizdə keçirilməsi bərpaolunan enerji üzrə yeni imkanlar açacaq və bu sahəyə investisiya mühitinə müsbət təsir edəcək. Belə ki, bu sahədə fəaliyyət göstərən böyük şirkətlərin marağı ölkəmizdə olacaq.

Bu da gələcəkdə ölkəmizin "yaşıl enerji" potensialının artmasına və ixracatına böyük təsir edəcək. COP29-un ölkəmizin "yaşıl enerji" siyasətinə verdiyi töhfələr çox önəmli olacaq. Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq qurumlarla da əməkdaşlıq edir. Bu istiqamətdə çox sürətli işlər həyata keçirilməkdədir.

Ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafını nəzərdə tutan prioritetlərdə təmiz ətraf mühit və "yaşıl enerji"yə keçid əsas istiqamətlərdəndir. Alternativ və bərpa olunan enerjinin istehsal edilən ümumi enerjidə payının 40%-ə qədər artırılması nəzərdə tutulub. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir".

Ekspert bildirib ki, COP29 həm də siyasi hadisədir.

"COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq arenada ölkəmizin nüfuzunu artıracaq", - deyə o qeyd edib.