Dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyə nəzarət etmək qeyri-mümkündür - Səyavuş Heydərov
Dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyə nəzarət etmək qeyri-mümkündür.
Bunu Trend-əmüsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Sədr qeyd edib ki, bu gün birmənalı olaraq deyə bilərik ki, din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşib.
"Tarixin müxtəlif dövrlərində olduğu kimi, təəssüf ki, bu gün də bəzi dairələr tərəfindən geosiyasi və geoiqtisadi maraqların təmin edilməsi üçün dindən vasitə kimi istifadə edildiyinin şahidi oluruq. Təcrübə göstərir ki, iddialı dövlətlər, beynəlxalq güc mərkəzləri hədəf seçdikləri ölkələri iqtisadi təzyiqlərlə öz maraqları istiqamətində yola gətirə bilmədikləri təqdirdə, etnik mənsubiyyəti, xüsusilə dini siyasi alətə çevirir, bundan yararlanmağa çalışırlar. Bu səbəbdən dini məsələləri mənəvi aspektlə yanaşı, təhlükəsizlik prizmasından da dəyərləndirmək zərurəti yaranıb. Müasir dövrün çağırışları fonunda milli və qlobal təhlükəsizliyin əsas komponentlərindən birini məhz dini təhlükəsizlik təşkil edir. Bu baxımdan ölkəmizin dini təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan ilk addım real təhdidləri, dövrün şərtlərini və dünyadakı mövcud şəraiti nəzərə almaqdır. Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərdi ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyə nəzarət etmək qeyri-mümkündür. Azərbaycanın qlobal maraqların və iddiaların toqquşduğu bir regionda yerləşməsini nəzərə alaraq sözügedən məsələ prioritet olaraq daim diqqət mərkəzində saxlanılır", - deyə Səyavuş Heydərov əlavə edib.