Elvin Cəfərquliyev niyə aqressiv davranır? - VİDEO
Son zamanlar "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin meydana çıxdığı matçlardakı aqressiv hərəkətləri müzakirə mövzusuna çevrilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, futbolçunun hakimlərə qarşı davranışı, qırmızı vərəqələr alması həm futbol azarkeşləri, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilir.
Onun bu cür davranışları həm də komandanın nəticələrinə öz təsirini göstərir.
Belə ki, Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə keçirilən cavab oyununda (2:3) hakimə tüpürməsi həm oyunun gedişatında təsir etmişdi, həm də 1/8 finalda qarşılaşacağı Almaniya nəhəngi "Bayer" (Leverkuzen) ilə oyunda heyətdə ola bilməmişdi. Həmçinin bu matçdan sonra futbolçu instaqram hesabında etdiyi paylaşımla tənqid hədəfinə çevrilmişdi. E.Cəfərquliyev hesabında "Braqa" ilə matçda hakimə tüpürdüyü epizodu "azərbaycanlı olduğunu demədən göstər" başlığı ilə paylaşaraq intizamsız davranışların davam etirmişdi.
23 yaşlı futbolçu Avropa Liqasının 1/8 mərhələsində "Bayer"lə (2:3) keçirilən səfər oyununda qırmızı kart almışdı. Nəticədə komandasının azlıqda qalıb güclü rəqibi qarşısında əziyyət çəkməsinə səbəb olmuşdu. Elə E.Cəfərquliyevin meydanda olmamasının da təsiri ilə almanlar 3 qol vurub geridönüş edərək "Qarabağ"ı məğlubiyyətə uğratmışdı.
Bu oyunlardan sonra tənqid hədəfinə çevrilən müdafiəçi etdiklərindən nəticə çıxarmaq əvəzinə daha bir hərəkəti ilə gündəmə gəldi. Belə ki, o, martın 25-i Azərbaycan yığmasının Bolqarıstan millisi ilə keçirilən oyunundan (1:1) sonra hakimə qarşı sərt davranışları ilə diqqət çəkdi. Həmin görüntülərdən sonra isə sosial şəbəkə istifadəçiləri Elvin Cəfərquliyevin aqressiv hərəkətləri qınadılar.