Ərdoğan İsrail və Fələstin prezidentləri ilə nədən danışdı?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinli həmkarı Mahmud Abbasla telefonla danışıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, müzakirələr zamanı İsrail və Fələstində baş verənlər, eləcə də, bölgədəki gərginliklə bağlı son proseslər gündəmdə olub.
Ərdoğan qeyd edib ki, Türkiyə bölgədəki münaqişənin tez bir zamanda sona çatması və sakitliyin təmin edilməsi üçün səy göstərir.
Bundan başqa, Ərdoğanla İsrail prezidenti İshak Hersoq arasında telefon danışığı olub.
Danışıq zamanl İsrail və Fələstində baş verən hadisələr və regional gərginliklə bağlı son vəziyyət müzakirə edilib.
Qəzza sakinlərinə fərq qoymadan zərər verə biləcək hər hansı addımın bölgədəki ağrı və zorakılıq səviyyəsini daha da artıracağını vurğulayan prezident Ərdoğan sağlam düşüncə ilə hərəkət etmək lazım olduğunu və bölgədə ən qısa zamanda əmin-amanlığın bərqərar olmasının bütün regionun rifahı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Prezident Ərdoğan deyib ki, Türkiyənin bölgədəki narahatlıq doğuran münaqişələrə son qoyulması və daimi sülhün təmin edilməsi istiqamətində səyləri getdikcə daha da artacaq.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.