Filarmoniyada “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi davam edir - FOTO
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası "Dünya konsertləri turnesi" beynəlxalq layihəsi çərçivəsində (bədii rəhbər Stanislav Yudeniç (ABŞ)) dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsertlər silsiləsinə ev sahibliyi edir.
12 oktyabr tarixində bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Anastasiya Vorotnaya (piano, Rusiya), Sergey Belyavski (piano, Rusiya) və İsgəndər Məmmədəliyev (piano, Özbəkistan) tamaşaçılar qarşısında çıxış ediblər. Proqramda Sergey Raxmaninovun Piano və orkestr üçün 1 (fis-moll, op.1) və 3 saylı (d-moll, op.30) Konsertləri, Sergey Prokofyevin Piano və orkestr üçün 3 saylı (C-dur, op.26) Konserti səslənib.
Qeyd edək ki, "Dünya konsertləri turnesi" beynəlxalq layihəsi 2019-cu ilin aprel ayından Özbəkistanda start götürüb. Rəngarəng konsertləri ilə musiqisevərləri bir araya toplayan layihənin bədii rəhbəri tanınmış pianoçu, pianoçuların XI Van Cliburn beynəlxalq müsabiqəsinin qızıl medal mükafatçısı Stanislav Yudeniçdir (ABŞ).