Həbs olunan azərbaycanlı generalın işi üzrə rəis də TUTULDU
Rusiyada Milli Qvardiyanın daha bir yüksək rütbəli zabiti azərbaycanlı general Mirzə Mirzəyevin işi üzrə saxlanılıb.
meqale.com bildirir ki, Rosqvardiyanın arxa təminat departamentinin geyim təminatı idarəsinin rəisi vəzifəsini tutmuş polkovnik Aleksandr Busıgin istintaqın vəsatəti ilə məhkəmənin qərarı ilə həbs edilib.
Qeyd edək ki, arxa təminat departamentinin keçmiş müvəqqəti rəhbəri, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev isə ötən ilin noyabrından bəri xüsusilə böyük məbləğdə rüşvət almaqda ittiham olunaraq istintaq təcridxanasında saxlanılır.
Mirzəyevin işi üzrə həmçinin Gürcüstan əsilli Mahir Səfərov da keçir. O, "Demi̇s" ASC-nin baş direktor müavini və faktiki sahibi sayılır. Şirkət Rusiyada və Türkiyədə ayaqqabı istehsal edən iri müəssisələrə malikdir. Səfərova rüşvətdə vasitəçilik ittihamı irəli sürülüb və o da həbs olunub.
Mirzəyev Mirzə Mais oğlu 26 may 1972-ci ildə Gürcüstanda anadan olub. 2006-cı ildə Rusiya Müdafiə Nazirliyinin Sankt-Peterburq şəhərində Xrulev adına Hərbi Maddi-Texniki Təchizat və Nəqliyyat Akademiyasını bitirib.