İki boksçumuz Avropa çempionatının ilk günündə qələbə qazanıb
Macarıstanın paytaxtı Budapeştdə boks üzrə U-23 Avropa çempionatı keçirilir.
Azərbaycan Boks Federasiyasından meqale.com-a verilən məlumata görə, Azərbaycan millisinin iki idmançısı ilk gündə qələbə qazanıb.
Əli Abdullayev (65 kq) 1/16 finalda Milan Petrimanla (Macarıstan) qarşılaşıb. Döyüş boksçumuzun 5:0 (29:28, 29:28, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb. Abdullayev ikinci görüşündə Belge Kağanla Kanlı (Türkiyə) ilə üz-üzə gələcək.
Nicat Əlirzayev (70 kq) də adını 1/8 finala yazdırıb. O, startda Arturs Vaisladan (Latviya) güclü olub - 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:26). Boksçumuz növbəti qarşılaşmasında Camel Cemmalı (Fransa) sınağa çəkəcək.
Hər iki təmsilçimiz 1/8 final döyüşünə sabah çıxacaq.
Qeyd edək ki, Avropa çempionatın noyabrın 29-da yekun vurulacaq.