İki qadının öldüyü maşından o, sağ çıxarıldı - yenilənib - VİDEO - FOTO
23:31 Qubada baş verən yol qəzasında ölən və yaralıların kimliyi məlum olub.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində "Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Baxışova Ədalət Tofiq qızı və onun bacısı 1974-cü il təvəllüdlü Dənyarova Validə Tofiq qızı hadisə yerində ölüblər.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Taleh Sərkərov və 1970-ci il təvəllüdlü Rahim Baxışov ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
--------- 22:54 Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
FHN-in mətbuat xidmətindən bildirilib ki, "112" qaynar telefon xəttinə Nügədi-Qazmalar yolunun 8-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" markalı minik avtomobili ilə "Hyundai" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və "Opel" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1970-ci il təvəllüdlü Baxışov Ramin Sədr oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Qeyd edək ki, "Opel" markalı minik avtomobilində olan digər 2 nəfər hadisə yerində keçinib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
------------ 19:52 Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, "Hyundai" və "Opel" markalı avtomobillər toqquşub.
Nəticədə "Opel" markalı avtomobildə olan 2 qadın ölüb.