İran prezidenti ölkə iqtisadiyyatını məhv edib - İranlı parlamentari
İran prezidenti İbrahim Rəisi ölkə iqtisadiyyatını tamamilə məhv edib və ölkə "iqtisadi fəlakətə" yuvarlanıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin deputatı Calal Mahmudzadə deyib.
C.Mahmudzadənin sözlərinə görə, İran prezidenti prezident seçkilərində 7 min səhifəlik proqramında ölkə vətəndaşlarına çoxlu sayda vəd verib. Halbuki onların heç biri yerinə yetirilməyib. İbrahim Rəisi güclü dövlət qurmağı vəd etmişdi. Güclü dövlət qurmaq bir yana, iqtisadiyyat acınacaqlı vəziyyətdədir.
Mahmudzadə əlavə edib ki, ölkə valyutası "dəhşətli" şəkildə devalvasiyaya uğrayıb. Vətəndaşlar zəruri məhsullar (çörək, toyuq və sairə) almaq üçün uzun növbələrdə gözləməli olurlar. Məhsulların qiymətləri bir neçə dəfə bahalaşıb, 100%-lik inflyasiya var. İranda "ərzaq və iqtisadi" fəlakət yaşanır.
Qeyd edək ki, İranın hazırkı hökuməti avqust 2021-dən iqtidardadır. İranda 13 iyul 2021-də qara bazarda 1 ABŞ dollarının dəyəri 294 min riala satılırdısa, bu gün qara bazarda 1 ABŞ dollarının dəyəri 492 min rialdır.