İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
İran İsraillə birbaşa münaqişədə uğursuzluğa düçar olandan sonra növbəti zərbəni Suriyadan aldı. Bu baxımdan, rəsmi Tehran mövqelərini möhkəmləndirmək üçün yenə də müxtəlif üsullara əl atır. Əbəs deyil ki, molla rejiminin sonu yaxınlaşır deyə İranda hətta qeyri-məzhəbçilik idarəetmə sisteminə keçid də təklif olunur. Buna nümunə kimi, İranın tanınmış ayətullahlarından olan Nuri Həmədanın da bu mövzuya toxunaraq verdiyi açıqlamanı göstərmək olar. O, insanların artıq mollalara və onların idarəetməsinə inamının qalmadığını bildirib. Lakin İran teokratik dövlətdir deyə onun qeyri-dini sistemə necə keçəcəyi, bu sistemin necə idarə olunacağı da sual doğurur.
Mövzu ilə bağlı oxuya danışan Milli Məclisin deputatı Elşad Musayev deyib ki, İran rəsmiləri bu uğursuzluğu ört-basdır etmək üçün ən rahat variant kimi Azərbaycanı hədəf seçirlər:
"Düzdür, onlar açıq-aşkar Türkiyə və İsrailin əleyhinə də bəyanatlar səsləndirirlər, amma əsasən, güclərini Azərbaycan üzərindən sınaqdan çıxarmaq istəyirlər. Açıq-aydın görünür ki, İranın daxilində xoşagəlməz proseslər gedir. Ona görə də bu vəziyyətdən çıxış yolu axtarırlar".