İsrail-Fələstin qarşıdurması nə vaxt bitəcək?

İsrail-Fələstin və ya İsrail-HƏMAS qarşıdurması - necə istəyirsinizsə, elə də adlandırın - yaxın günlərdə, hətta həftələrdə bitən deyil. Bununla bağlı çoxsaylı suallar var ki, bəzilərinə cavab verməyə çalışaq.

İsrail-Fələstin qarşıdurması nə vaxt bitəcək?
İsrail-Fələstin və ya İsrail-HƏMAS qarşıdurması - necə istəyirsinizsə, elə də adlandırın - yaxın günlərdə, hətta həftələrdə bitən deyil. Bununla bağlı çoxsaylı suallar var ki, bəzilərinə cavab verməyə çalışaq.

İsrail Qəzza bölgəsində genişmiqyaslı quru əməliyyatı aparır? Yox. İsrail ordusu (SAXAL) Qəzzanı iki yerə bölərək 2008-2009-cu illərdə HƏMAS-a qarşı ilk hərbi əməliyyatlardakı ("Əridilmiş Qurğuşun") taktikanı təkrarlayır.

Yəni İsrail ordusu 14 il əvvəlki kimi, Qəzzanı ikiyə bölərək bölgənin şimal və cənubu arasında bütün kommunikasiyaları kəsib.

İsrail ordusunun 11-ci qruplaşması nəhri quruyan Vadi Qəzza çayı vadisində, Səlahəddin şosesindən başlayaraq Aralıq dənizi sahilinə doğru 6,54 km irəliləyiblər.

Şimaldan 350 zirehli texnika ilə israillilər əl Rəşid şosesi ilə cənuba irəliləyiblər. Qruplaşmalar birləşiblər və indi Qəzza daxilində dərin reydlərə başlanıb. HƏMAS müharibəyə illərdən bəri hazırlaşaraq yeraltı tunellərə ərzaq, dərmanlar, yanacaq, silah-sursat və s. yığdığından, İsrail ordusuna tam mühasirə şəraitində aylarla müqavimət göstərə bilər.

HƏMAS-ın məqsədi nədir? HƏMAS açıq qarşıdurmada İsrailə qalib gələ bilməyəcəyini anlayır. Bu səbəbdən o, İsrail ordusuna maksimum ağır itkilər verdirərək dünya birliyinin İsrailə təzyiqlərinin artmasını və Təl-Əviv əməliyyatı dayandırmağa vadar edəcəyini gözləyir.

İsrail əməliyyatları qismən zəiflədərək atəşkəsə gedəcəkmi? Yox. İsrailin məqsədi HƏMAS-ı məhv etməkdir. Təl-Əviv məqsədinə çatmayınca dünya birliyinin təzyiqlərinə fikir verməyəcək.

Qəzzanın gələcəyi nə olacaq? HƏMAS Qəzzanı idarə etməyəcək. İsrail də bu bölgənin idarəetməsini ələ almaq imkanına yiyələnməyəcək. Digər variant Qəzzanın hazırda İordan çayının qərb sahilində, Rəmallahdakı Fələstin Azadlıq Təşkilatının (FAT) idarəetməsinə verilməsidir. Lakin FAT lideri Mahmud Abbas buna nə siyasi, nə təşkilati baxımdan hazır deyil. Qəzzalılar arasında FAT-a rəğbət də minimum səviyyədədir.

Məzkur səbəbdən ən real proqnoz Qəzzanın müvəqqəti beynəlxalq idarəetmədə olmasıdır. Bölgəyə beynəlxalq sülhməramlı kontingent yeridiləcək. Beynəlxalq təşkilatların və regionun bir neçə dövlətinin mənsublarının yer alacağı kontingentə Qəzzanın kontrolu tapşırılacaq. Həmin kontingentdə Türkiyə hərbçiləri də olacaq.

Azərbaycan nə etməli, kimi dəstəkləməlidir? Tərəflərdən heç birini aşkar şəkildə dəstəkləməyə lüzum yoxdur. İsrail bizə strateji və çox önəmli tərəfdaş, qardaş ölkədir. ABŞ və Avropa ölkələrində erməni diasporunun, ermənipərəst siyasətçilərin hücumlarının qarşısını almaqda yəhudi diasporunun bizə dəstəyi əvəzolunmazdır. Üstəlik, İsrail bizim üçün yeni texnologiyalar, silahlar, Qərbə qapıdır.

Fələstinlilərsə işğala və zülmə məruz qalıblar. Bunu əsla unutmamalıyıq. Fələstinlilərlə münasibətlərin sərinləşməsi Azərbaycanın Ərəb Dövlətləri Liqasında, İslam Əməkdaşlıq Konfransında, Qoşulmama Hərəkatında və s. təşkilatlarda mövqelərini zəiflədə bilər. Bundan başqa, müsəlman ölkələri arasında aşkar pro-Fələstin mövqeyi tutmuş dövlətlərlə əlaqələrdə də problemlər yarana bilər. Bu səbəbdən aşkar tərəf tutmaq zərərlidir.

İran İsrailə qarşı hərbi əməliyyatlara qoşulacaqmı? Xeyr, əsla. İranın hakimiyyət dairələrinin, yəni mollakratiyanın bəyanatlarına fikir verməyin. İran gözəl anlayır ki, İsraillə açıq hərbi qarşıdurma klerikal Tehran rejiminin sonunu gətirə bilər. Bu səbəbdən İran bölgədəki proksi qüvvələri vasitəsilə İsrailə zərbələr vurmağa üstünlük verir.

Ərəb ölkələri Fələstinə açıq hərbi dəstək verəcəklər? Yox. ABŞ-ın Aralıq dənizinə yolladığı, tərkibində "Cerald Ford və "Duayt Eyzenhauer" kimi nəhəng aviadaşıyıcı gəmilər olan hərbi-dəniz qruplaşması İsrailə açıq müharibə təklifi fikrinə düşməkdən ərəb dövlətlərini və İranı vaz keçirib. ABŞ açıq mesaj verir ki, İsrailə hücum etmək istəyən dövlət qarşısında amerikalıları görəcək.