İsraildən Suriyə AÇIQLAMASI: Xüsusi bölgə yaradılacaq
İsrail Müdafiə Naziri Israel Katz, İsrail ordusuna Suriyanın cənubunda " steril bir müdafiə zonası" qurulması əmrini verdiyini açıqlayıb.
meqale.com xəbər verir ki, nazir, Suriya ilə işğal altında olan Colan təpələri arasında İsrail ordusunun irəliləyişini şərh edərək, İsrailin "strateji təhdidləri aradan qaldırmaq üçün genişmiqyaslı əməliyyatlar həyata keçirdiyini" və bu çərçivədə Suriya hərbi qüvvələrinin məhv edildiyini iddia edib.
Üç suriyalı mənbə, İsrail ordusunun həminzonanı keçərək, Dəməşqə 25 km məsafəyə qədər yaxınlaşdığını bildirib. Lakin İsrail ordusunun sözçüsü Nadav Şoşani bu iddiaları təkzib edib. O, İsrail qüvvələrinin yaxın bir neçə mövqedə yerləşdiyini və Dəməşqə doğru irəliləmədiyini vurğulayıb.
Şoşani bildirib: "İsrail Müdafiə Qüvvələri (IDF) Dəməşqə doğru irəliləmir. Bu, məqsədimiz deyil. Suriya daxilində baş verənlərə müdaxilə etmirik. Biz yalnız sərhədlərimizi və vətəndaşlarımızın təhlükəsizliyini qorumaqla məşğuluq."
İsrail ordusu Colan təpələrindəki tampon zonaya daxil olub və oradakı hərbi fəaliyyətlərinə dair görüntüləri ictimaiyyətlə bölüşüb. İsrail Baş naziri Benjamin Netanyahu, ötən gün Colan təpələrinin "sonsuzadək İsrailin bir hissəsi olaraq qalacağını" iddia edib.