Kafedə dava salan şəxs məhkəmə zalında həbs edildi

Qusar Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rahib Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Kafedə dava salan şəxs məhkəmə zalında həbs edildi
Qusar Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rahib Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

meqale.com pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə müttəhimə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında dərhal həbsə alınıb.

İttiham aktından aydın olur ki, hadisə bu il Qusar şəhəri, Çingiz Qurbanov küçəsində yerləşən "İskra" kafesində qeydə alınıb.

Belə ki, Rahib Yusifov həmin vaxt heç bir əsaslı səbəb olmadan kafedə olanların, o cümlədən zərərçəkmiş Maya İbrahimovanın (adı, soyadı şərtidir) ünvanına uca səslə nalayiq ifadələr işlədib, küçə söyüşləri ilə onu təhqir edib.

Daha sonra təqsirləndirilən şəxs digər zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) üzərinə zor tətbiq edərək hücum edib. O, kafedə olan müştərilər və işçilər tərəfindən sakitləşdirilib və hadisə yerindən uzaqlaşdırılıb.

Lakin təqsirləndirilən şəxs bununla kifayətlənməyərək geri qayıdıb, ictimai yerdə nalayiq ifadələr işlətməkdə davam edib, kafenin zalında yerləşən iki taxta masanı təpik zərbələri ilə vuraraq, zərərçəkmişə məxsus əmlakı məhv edib.

Hadisə zamanı Rahib Yusifov əyləşdiyi masanın üzərində olan qəndqabını zərərçəkmişə tərəf atmaq məqsədilə əlinə götürüb. Lakin həmin vaxt kafedə olan bir şəxs tərəfindən bu hərəkətindən daşındırılıb.

Hadisədən sonra Rahib Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.