“Kərimə” dövləti qurmaq istəyən daha 13 nəfərlik qrupun istintaqı başa çatıb
Azərbaycanda "Kərimə" dövləti qurmaq istəyən daha bir qrup şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
meqale.com APA-ya istinadən bildirir ki, iş üzrə Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyev barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.
Xatırladaq ki, bundan əvvəl daha bir qrupun istintaqı başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə prosesi başlayıb.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Mətbuat Xidmətləri yaydığı birgə məlumatda bildirilib ki, İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşı respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə "Kərimə" dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar. Həmin planın bir hissəsi kimi Rufulla Axundzadə "Whatsapp", "Telegram" və digər ani mesajlaşma sistemlərində məxfi qruplar yaradıb.