Məktəb direktorunun rüşvət alması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - VİDEO
Ötən gün kütləvi informasiya vasitələrində Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntüləri əks etdirən məlumat yayımlanıb.
Bu barədə meqale.com-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən 13-14 noyabr 2023-cü il tarixlərində Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı yoxlama aparılmış və sözügedən məsələ ilə bağlı yanaşı olaraq Mingəçevir şəhər Prokurorluğu, həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yoxlamalara başlanılıb.
"Aparılmış yoxlamaların nəticələrinə və eləcə də, Mingəçevir şəhər Prokurorluğunun şifahi məlumatına əsasən, Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb və hazırda iş üzrə istintaq davam edir. Araşdırmanın nəticəsi bitdikdən sonra, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq addımlar atılacaq.
Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində korrupsiya ilə əlaqədar hüquqpozmaların baş verməsini pisləyir, bunun qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görür".
--------
14:35
"1400-ə yaxın şagirdin təhsil aldığı Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru rüşvət alaraq müəllimlərə dərs saatı satır".
Bu iddiaları sözügedən məktəbin coğrafiya müəlliməsi Həbibə Yuldaş qızı Rahibova oxuya açıqlamasında səsləndirib.
O bildirib ki, 20 ilə yaxındır məktəbin direktoru olan Azər Arif oğlu Qazıyev hər dərs saatı üçün müəllim heyətindən 50 manat məbləğində rüşvət alır:
"20 ilə yaxındır bu məktəbdə vəziyyət bu cürdür. Bununla bağlı aidiyyəti qurumlara da müraciət etmişəm. Hətta məktəbin direktoruna Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb. 2023-cü ilin sentyabr ayında biz rüşvət verərkən bunu videoya da çəkmişik. Artıq direktor mənə müxtəlif yollarla təzyiq edir. Məni ailəmlə, qızlarımla təhdid edir, məktəbin yuxarı sinif şagirdlərini də öyrədib məni müxtəlif yollarla ifşa etmək istəyir. Mən bununla bağlı iki dəfə Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə müraciət etmişəm. Bir neçə şagird cərimələnib və altı ay müddətinə nəzarətə götürülüb.
Mənimlə danışan müəllimlərə, şagirdlərə müxtəlif yollarla təzyiq edilir. Məktəbdə artıq ruh kimi gəzirəm, heç kim mənimlə danışmır. Səbəbi isə direktorun təzyiqi və mənim direktorla açıq mübarizə aparmağımdır".
meqale.com xəbər verir ki. səsləndirilən iddialarla bağlı oxuya açıqlama verən məktəb direktoru Azər Qazıyev bildirib ki, məsələ prokurorluq tərəfindən araşdırılır, nəticələri ilə bağlı cavab gözlənilir:
"Mən 1986-cı ildən bu məktəbdə çalışıram. 2005-ci ildən isə direktor vəzifəsində çalışıram. Respublikanın qabaqcıl təhsil işçisiyəm, "Tərəqqi" medalına layiq görülmüşəm. Mənə qarşı qurulma bir işdir. İş prokurorluqdadır, araşdırmalar aparılır. Bu yaxınlarda da maliyyə yoxlamaları aparıldı. Yoxlamaların və araşdırmaların nəticələrini gözləyirik".