Növbəti ilin dövlət büdcəsi üçüncü oxunuşda qəbul edildi
"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində təsdiq edilib.
Qeyd edək ki, Ağdərə rayonunun yaradılmasına görə dövlət büdcəsinə dəyişiklik edilib. Ağdərə rayonunun təsis edilməsi ilə bağlı dövlət büdcəsi ilə bağlı qanun layihəsinə rayonun adının daxil edilib. Bununla yanaşı, dövlət büdcəsində Bakıya və Laçına ayrılan vəsait artırılır. Bakı şəhərinin yerli xərclərinin 2,3 milyon, Laçın rayonunun yerli xərclərinin 100 min manat artırılması nəzərə alınıb.
Həmçinin, Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun inşası, fəaliyyəti üçün dövlət sifarişi əsasında tələb olunan 7,3 milyon manat vəsait agentliyin əsas fəaliyyəti üçün kənd təsərrüfatı xərc bölməsində nəzərdə tutulmuş vəsaitdən 507,1 milyon manat vəsait həmin maddə üzrə dövlət büdcəsində öz əksini tapmışdı. Həmin vəsaitin 7,3 milyon manatının azaldılması və müvafiq olaraq həmin vəsaitin elm xərcləri bölməsinə yönəldilməsi təklif olunur.