“Real” qarşısına 2 böyük şərt qoydu
"Real Madrid"in müvəqqəti baş məşqçisi Alvaro Arbeloa mövsümün sonunda da komandada qalmaq imkanı əldə edə bilər. Bunun üçün gənc çalışdırıcı klub rəhbərliyinin irəli sürdüyü iki əsas şərti yerinə yetirməlidir.
meqale.com-ın xəbərinə görə, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat verib.
Məlumata əsasən, İspaniya Superkubokunun finalında "Barselona"ya 2:3 hesablı məğlubiyyətdən sonra vəzifəsindən uzaqlaşdırılan Xabi Alonsonun yerinə təyin olunan Arbeloa yay aylarınadək "kral klubu"na rəhbərlik edəcək.
F. Romanonun bildirdiyinə görə, "Real" rəhbərliyi Arbeloanın müqaviləsinin uzadılması üçün iki əsas tələb irəli sürüb. Birinci şərt komandanın mövsümü ən azı bir nüfuzlu turnirin kuboku ilə başa vurmasıdır. İkinci tələb isə futbolçularla məşqçi heyəti arasında yaranmış gərginliyin aradan qaldırılması və kollektivdə sağlam atmosferin formalaşdırılmasıdır.
İnsayder qeyd edib ki, əgər Arbeloa bu tələbləri yerinə yetirə bilməsə, Madrid təmsilçisi yayda yeni, tanınmış məşqçi axtarışına başlayacaq. Artıq bir neçə məşhur mütəxəssisin adı namizədlər sırasında çəkilir.